“Baku Fires” və “Puerto Riko Hurricanes” boks komandalarının heyəti açıqlanıb
Bakı, 17 fevral, AZƏRTAC
Ölkəmizi Dünya Boks Seriyası (WSB) liqasında təmsil edən “Baku Fires” klubu üçüncü görüşünə çıxacaq.
AZƏRTAC xəbər verir ki, komandamız fevralın 19-da Boks Mərkəzində “Puerto Riko Hurricanes” klubu ilə qarşılaşacaq.
“Baku Fires” klubu “D” qrupunun ikincisidir. Puerto-Riko klubu isə qrupda sonuncu yeri tutur.
“Baku Fires” və “Puerto Rico Hurricanes” komandalarının heyəti artıq məlumdur. Belə ki, Rəsul Saliyev (49 kq, “Baku Fires”) Antoni Ortiz (“Puerto Rico Hurricanes”), Yaraş Məhəmmədov (56 kq) Edqardo Rolon, Heybətulla Hacıəliyev (64 kq) Jan Rivera, Nikolay Veselov (75 kq) Kristian Mbilli və Abdulqadir Abdullayev (91 kq) Roman Fress ilə qarşılaşacaq.
Bu dəfə komandamızın heyətində son dünya çempionatının bürünc mükafatçısı A.Abdullayev rinqə çıxacaq. Boksçumuz milli komandamızın düşərgəsində təlim-məşq toplanışında iştirak edib. A.Abdullayev rəqib komandanın almaniyalı legioneri R.Fresslə üz-üzə gələcək. Fress 2009-cu ildə yeniyetmələr arasında dünya birinciliyinin bürünc mükafatçısı olub. O, ötən il Bolqarıstanda keçirilən qitə çempionatında altıncı yeri tutub. İlk turda Karaqanda şəhərində qazaxıstanlı boksçunu məğlub edən H.Hacıəliyev bu dəfə J.Rivera ilə qarşılaşacaq. İyirmi bir yaşlı Rivera WSB liqasında debüt edəcək. Bu görüşdə həmyerlimizi favorit saymaq olar.
N.Veselovla üz-üzə gələcək K.Mbilli də rəqib komandanın güclü boksçularındandır. Mbilli Fransa milli komandasının heyətində ötən il Avropa Oyunlarında Xaybulla Musalova uduzub. Bu cari mövsümdə N.Veselovun ilk döyüşü olacaq.