Balakəndə karantin rejimi ilə bağlı tətbiq olunan qaydalara nəzarət gücləndirilib
Balakən, 31 mart, Mustafa Dadaşov, AZƏRTAC
Balakən rayonunda koronavirus infeksiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq, qabaqlayıcı profilaktik tədbirlər həyata keçirmək məqsədilə əhali arasında karantin rejiminə riayət olunması ilə bağlı ciddi maarifləndirmə işləri aparılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin yerlərdə əhaliyə çatdırılması məqsədilə rayon icra hakimiyyəti tərəfindən 25 mobil qrup yaradılıb. Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün rayon icra hakimiyyətinin və polis şöbəsinin əməkdaşları vətəndaşlarla mütəmadi maarifləndirici söhbətlər aparır, onlara sağlamlıqlarının qorunması üçün evdə qalmalarının vacibliyi izah olunur.
Eyni zamanda, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə rayonun idarə və müəssisələrində, Balakən şəhərinin prospekt və küçələrində, parklarda, yaşayış məhəllələrində, həmçinin qəsəbə və kəndlərdə dezinfeksiya işləri də davam etdirilir. Rayonda fəaliyyət göstərən 49 ümumtəhsil məktəbində, iki məktəbdənkənar müəssisədə, 25 uşaq bağçasında, həmçinin bütün idarə və təşkilatların inzibati binalarında da tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçirilib.