Balaxanı poliqonunda yaşıllaşdırma aksiyası keçirilmişdir
Bakı, 3 dekabr (AZƏRTAC). Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla xanım Əliyevanın təşəbbüsü ilə bu ilin iyulunda fəaliyyətə başlamış İDEA Ətraf Mühit Kampaniyasına qoşularaq İqtisadi İnkişaf Nazirliyi və “Təmiz Şəhər” ASC Balaxanı poliqonu ərazisində ağacəkmə aksiyası keçirmişdir.
Təsisçisi Leyla xanım Əliyeva olan Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq təşəbbüsünün - İDEA-nın məqsədi gəncləri bir araya gətirərək, onları ətraf mühitlə harmoniyada yaşamaq üçün məlumatlandırmaq və həvəsləndirməkdir. Təşəbbüsün əsas prioritetlərindən biri də Bakı ətrafındakı ərazilərdə ağaclar əkməkdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, dekabrın 3-də keçirilmiş yaşıllaşdırma tədbirində Balaxanı poliqonunda ekoloji vəziyyətin sağlamlaşdırılması məqsədi ilə İqtisadi İnkişaf Nazirliyi və “Təmiz Şəhər” ASC-nin əməkdaşları tərəfindən minə yaxın yeni ağac əkilmişdir.
Qeyd edək ki, Balaxanı poliqonu ərazisində ekoloji tarazlığın bərpası məqsədi ilə İqtisadi İnkişaf Nazirliyinin və “Təmiz Şəhər” ASC-nin əməkdaşlarının iştirakı ilə mütəmadi olaraq yaşıllaşdırma tədbirləri keçirilir. 2010-cu ildən başlayaraq bu tədbirlər çərçivəsində poliqon ərazisində ildə iki dəfə - yaz və payız aylarında yaşıllaşdırma işləri aparılır. Bu günədək Balaxanı poliqonu ərazisində 3 mindən çox ağac və bəzək kolu əkilmişdir.
Belə tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.