Bayram tətili Qəbələdə qış turizminin inkişafına təkan vermişdir
Qəbələ, 6 yanvar (AZƏRTAC). Yay aylarında yerli turistlərin ən çox üz tutduğu turizm məkanlarından biri də Qəbələ rayonudur. Qəbələ coğrafi quruluşuna, paytaxta yaxın olmasına və burada qurulan müasir turizm infrastrukturuna görə artıq qış aylarında da turistləri cəlb edir.
AZƏRTAC xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ölkəmizdə bir həftə davam edən bayram tətili Qəbələdə qış turizminin inkişafına təkan vermişdir.
Bayram günlərində istirahət etmək üçün bu rayona gələn yerli və xarici turistlərin sayı ötən ilkindən 2 dəfə çox olmuşdur.
Qarlı dağlarda xizək sürmək, alpinistlik etmək, motorlu xizəklərlə, at və faytonlarla gəzintiyə çıxmaq, meşələrdə heyvan və quş ovlamaq, göllərdə qayıqla gəzmək və balıq tutmaq barədə düşünənlərin arzusu bu günlərdə Qəbələdə gerçəkləşmişdir. Son günlər rayonda əsl bayram həyəcanı yaşanmış, bütün otellər, istirahət və əyləncə mərkəzləri turistlərlə dolu olmuşdur. Bayram günlərində qonaqların istirahətinin mənalı təşkili üçün otellərdə tanınmış musiqiçilərin iştirakı ilə konsertlər, müxtəlif əyləncəli tədbirlər keçirilmişdir. Yerli və xarici turistlər Qəbələnin zəngin tarixi, müasir şəhərsalma mədəniyyəti və ləziz mətbəxi ilə yaxından tanış olurlar.
Rayon mədəniyyət və turizm şöbəsindən verilən məlumata görə bayram günlərində Qəbələyə gələn turistlərin əksəriyyəti Rusiya, Türkiyə, Böyük Britaniya, Cənubi Afrika Respublikası, Latviya, Ukraynadan olmuşdur. Bir həftə ərzində rayona 3 mindən çox yerli və xarici qonaq gələrək istirahət etmişdir.
Hazırda rayonda irili-xırdalı 100-ə yaxın turizm-istirahət obyekti fəaliyyətdədir. Həmin obyektlərdən 18-i beş, dörd və üçulduzlu otellər və müasir istirahət mərkəzləridir. Bu turizm obyektlərində gün ərzində 1500 qonaq qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür.
Xatırladaq ki, 2012-ci ildə Qəbələ rayonuna gələn xarici və yerli turistlərin sayı 45 min 500 nəfər olmuşdur. Onlardan 31 min 350-i yerli, 14 min 150 nəfəri isə xarici vətəndaşdır.