Beslandan Zamanlıya qədər – Ermənistan Qafqaz xalqları ailəsində üzvlük hüququnu itirmişdir
Bakı, 6 dekabr (AZƏRTAC). Özünü “regional məsələlər üzrə ekspert” adlandıran Sergey Şakaryants ad-soyadlı bir müəllifin “Beslandan Suriyanın Vafidin qəsəbəsinə qədər - Qərb Suriyada oyunu uduzmuşdur” (http://regnum.ru/news/1600738.html) sərlövhəli məqaləsini oxudum və çox hadisələri xatırladım.
Qorxaq hay snayperinin açdığı atəşlə öldürülmüş 9 yaşlı Fariz Bədəlovu xatırladım.
Dövlət sərhədinin o tayındakı, insan adlanmağa layiq olmayan məxluqların çayın axarı boyunca buraxdığı oyuncaq şəklində minanın partlamasından həlak olmuş, həyatın şirinliklərini dadmağa macal tapmamış 12 yaşlı Aygün Şahmalıyevanı xatırladım.
1989-cu ildə erməni terrorçuları tərəfindən Bakı-Mingəçevir-Tbilisi avtobusuna qoyulmuş bombanın partlaması barədə dəhşətli xəbər alınandan dərhal sonra AZƏRTAC-ın təcili Yevlaxa ezam edilmiş fotomüxbiri Oleq Aleksandroviç Litvinin çəkdiyi fotoşəkildən boylanan azərbaycanlı oğlanın yanmış sifətini xatırladım (kütbeyin erməni təbliğatı sonralar - 1991-ci il 5 və 10 dekabr tarixlərində “Komsomolets Kuzbassa” adlı sovet nəşrində A.Orexovskinin imzası ilə dərc edilmiş “Erkəcə gedən uzun yol” sərlövhəli məqalədə (http://press.karabakh.info/Долгая_дорога_в_Эркеч) həmin fotoşəkli “yaralanmış erməni oğlanın” şəkli kimi təqdim etmişdir). Lakin ermənilər çox təəssüflənməli olacaqlar, çünki həmin fotolentin neqativi AZƏRTAC-ın arxivində saxlanılır.
Daha sonra erməni “Nurpaşi Kulayev” - Zamanlı kəndindəki məktəbi partlatmaq niyyətində olan, lakin xoşbəxtlikdən bu niyyəti baş tutmamış uşaq qatili Manvel Saribekyanı xatırladım.
Ermənilər tərəfindən Xocalıda qəddarcasına qətlə yetirilmiş 63 uşaq, o cümlədən Aysel və Gülmirə Mehdiyeva bacılarını xatırladım. Qalmaqalları ilə ad çıxarmış Marina Qriqoryan sonradan bu bacıların fotoşəkillərini Ermənistanda çıxan “Asbarez” nəşrində guya “Sumqayıtda öldürülmüş erməni uşaqlarının fotoşəkli” kimi təqdim etmiş (hərçənd məlumdur ki, Sumqayıt hadisələri zamanı heç bir uşaq həlak olmamışdır) Qriqoryan biabırçı şəkildə ifşa ediləndən sonra isə həmin fotoşəkillər tələsik saytdan götürülmüşdür.
1990-cı il yanvarın 20-də öldürülmüş 14 yaşlı Vera Bessantinanın fotoşəkli yadıma düşdü (http://www.1news.az/politics/20100125113016130.html, http://asbarez.com/76332/remembering-black-january-and-the-massacre-of-bakus-armenians/). Okeanın o tayındakı erməni agentliyi bu şəkildəki qızı da “Bakıda erməni talanlarının qurbanı” kimi qələmə vermişdi. Sonradan bu saxtakarlıq da ifşa edilmiş və sözügedən redaksiya həmin fotoşəkilləri saytdan yığışdırmışdı.
Başqalarına “əxlaq dərsi vermək” iddiasında olan Sergey Şakaryantsın həmqəbilələri tərəfindən Bağanis Ayrım kəndində iki aylıq körpənin yandırılaraq tanınmaz şəklə düşmüş, baxanda insanın damarlarında qanını donduran fotoşəkil yadıma düşdü. Jurnalist Arif Əliyev xatırlayırdı ki, Bağanis Ayrım kəndindəki yandırılmış evlərin birində onlar yanıb kömürə dönmüş beş cəsəd aşkar etmişdi. Bu cəsədlərin qadın, yoxsa kişi, gənc, yoxsa ahıl insana aid olmasını aydınlaşdırmaq mümkün deyildi. Həmin evdəki metal çarpayıda lap balaca bir cəsəd də vardı: uşağın bədənindən yalnız bir ovuc kül qalmışdı (http://www.archive.n.zerkalo.az/2012-06-26/society).
Qondarma “erməni soyqırımı” illərində (1914-1918) özlərini “azadlıq uğrunda mübarizlər” adlandıran silahlı ermənilərin qətlə yetirdiyi on minlərlə müsəlman uşağı yadıma düşdü.
Çox hadisələri xatırladım!!!
Sergey Şakaryants haqlıdır - Qafqazda belə əməlləri bağışlamırlar. Lakin Şakaryants bir məsələni əlavə etməyi unudur ki, elə bu səbəbdən onun şərəfsiz həmqəbilələrinin “qəhrəmanlıqlarının” bu cür kədərli siyahısı yaranmışdı. Şakaryants unudur ki, onun da mənsub olduğu gəlmə xalqın Qafqaza heç bir aidiyyəti yoxdur. Onlar iki yüz il Qafqazda yaşamalarına baxmayaraq, Qafqaz ənənələrini öyrənməmişlər. Bu ənənələrin ən vaciblərindən biri odur ki, uşaqlara toxunmaq olmaz. Buna görə də müəllif öz məqaləsini “Beslandan Zamanlıya qədər - Ermənistan Qafqaz xalqları ailəsində üzvlük hüququnu itirmişdir” adlandırsaydı, daha yaxşı olardı.
Vüqar Seyidov
AZƏRTAC-ın müxbiri