Beyləqanda sahibkarlarla növbəti görüş
Bakı, 10 avqust, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional qaz istismarı İdarəsinin rəisi Azay Muxtarov Beyləqan rayonunda sahibkarlarla görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Birliyin məsul şəxsləri ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri də iştirak ediblər.
“Sahibkarlarla mütəmadi olaraq görüşlər keçiririk. Məqsədimiz sahibkarlığın inkişafı üçün lazımi dəstəyin verilməsi, sahibkarlıq subyektlərinin qaz təsərrüfatına dair qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasında onlara yardımçı olmaqdan ibarətdir”, -deyə “Azəriqaz”ın Tərtər Regional qaz istismarı İdarəsinin rəisi Azay Muxtarov Beyləqanda sahibkarlarla görüş zamanı bildirib.
Sahibkarlıq subyekti Etibar Quliyev istehlak olunan təbii qaza görə yaranan debitor borcun hissə-hissə ödənilməsinə köməklik edilməsini xahiş edib. Digər sahibkarlar Elman Süleymanov və Nicat Sərdarov qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı müraciət ünvanlayıblar.
Aksiyanın imkanlarından sahibkarlarla yanaşı, sakinlər də yararlanıblar. Qəbul zamanı səsləndirilən hər bir müraciətlə bağlı vətəndaşlara ətraflı izahat verilib.