Beynəlxalq Almatı turizm sərgisində Azərbaycan stendi böyük maraq doğurur
Bakı, 25 aprel (AZƏRTAC). Xəbər verdiyimiz kimi, aprelin 24-də Qazaxıstanın Almatı şəhərində “KİTF -2013” Beynəlxalq turizm sərgisi açılmışdır.
Sərginin təşkilatçıları Qazaxıstanın Sənaye və Müasir Texnologiyalar Nazirliyinin Turizm Komitəsi, Almatı şəhərinin rəhbərliyi və Böyük Britaniyanın “ITE Group Plc” şirkətidir. Dünya Turizm Təşkilatı sərgiyə rəsmi dəstək verir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu il 13-cü dəfə gerçəkləşən “KİTF” sərgisinə ümumilikdə 43 ölkədən 550 şirkət qatılmışdır.
Aprelin 26-da başa çatacaq sərginin coğrafiyası Avstraliyadan Braziliyaya, Böyük Britaniyadan Misirə, Türkiyədən İndoneziyayadək geniş ərazini əhatə edir.
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi səviyyəsində ilk dəfə təmsil olunduğu sərgidə ölkəmizin turizm imkanları 36 kvadratmetr sahəni əhatə edən stenddə nümayiş etdirilir.
Azərbaycan nümayəndə heyətinin tərkibinə nazirliyin sektor müdiri Mahir Qəhrəmanov, mətbuat katibi Zöhrə Əliyeva, aparıcı məsləhətçi Leyla Verdiyeva, habelə “Millennium Tourism & Congress DMC” və “Qavqaz Travel” turizm şirkətləri, “Divan Exspress”, “Jumeirah Bilgah Beach Hotel” və “Çinar Hotel & SPA Naftalan” otellərinin əməkdaşları daxildirlər.
Stendimizə baş çəkən qonaqlara Azərbaycanın turizm imkanları haqqında məlumat verilir, ziyarətçilərə 25-30 adda ingilis və rus dillərində reklam-çap məhsulları təqdim edilir.
Müalicə turizmi “KİTF-2013”ün prioritet mövzularından olduğu üçün bəzi ölkələr məxsusi tibbi klinikaların nümayişinə daha çox yer vermişlər.
Sərgidə müalicəvi turizm imkanlarını təqdim edən 19 turizm şirkəti sırasında Azərbaycanın “Çinar Hotel & SPA Naftalan” oteli də vardır.
“Millennium Tourism & Congress DMC” və “Qavqaz Travel” şirkətlərinin nümayəndələri isə stendimizin ziyarətçilərini Azərbaycanın təbii gözəllikləri ilə tanış edir, memarlıq abidələrimiz, dadlı mətbəximiz, ölkəmizin qədim tarixi və zəngin təbiətinin müalicəvi keyfiyyətlərindən danışırlar.
“Divan Exspress” və “Jumeirah Bilgah Beach Hotel”in stendlərində isə ziyarətçilər Bakıya turist kimi səfər edəcəkləri halda nə qədər gözəl və komfortlu bir istirahət keçirəcəkləri barədə məlumatlar alırlar.
Sərginin ilk günündən stendimiz ziyarətçilərin böyük marağına səbəb olmuşdur.
Azərbaycanın stendində nazirliyin və şirkətlərimizin nümayəndələri biznes görüşlər keçirir, müxtəlif ölkələrin nümayəndələri ilə təcrübə mübadiləsi aparır, ölkəmizə yeni turistlər cəlb etməyə çalışırlar.