BEYNƏLXALQ KONFRANS “AZƏRBAYCANDA LİZİNQİN İNKİŞAFI” MƏSƏLƏLƏRİNİ MÜZAKİRƏ EDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, dövlət orqanlarının, beynəlxalq təşkilatların, maliyyə qurumlarının, özəl sektor nümayəndələrinin iştirak etdikləri konfransı iqtisadi inkişaf naziri Fərhad Əliyev açaraq bu tədbirin ölkəmizdə lizinq xidmətləri bazarını stimullaşdırmaq, həmçinin bu sektorun maliyyələşdirilməsinə daxili və xarici sərmayədarları cəlb etmək məqsədi daşıdığını bildirdi.
Konfransda Beynəlxalq Maliyyə Korporasiyası Özəl Sektorun inkişafı üzrə Partnyorluq Təşkilatının direktoru Kristian Qrossmann, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı missiyasının rəhbəri Piter Burhard, İsveçrənin iqtisadi əlaqələr üzrə dövlət katibliyinin (SECO) nümayəndəsi Davorka Rzehak, Azərbaycan Milli Bankı İdarə Heyətinin sədri Elman Rüstəmov, iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov, vergilər nazirinin müavini Natiq Qasımov, Azərbaycan Beynəlxalq Bankı idarə heyətinin sədri Cahangir Hacıyev, Azərbaycan Banklar Assosiasiyasının vitse-prezidenti Çingiz Əsədullayev çıxış edərək ölkəmizdə maliyyə-bank sisteminin, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafından, dövlət gəlirlərinin formalaşmasında özəl sektorun rolundan, kiçik və orta sahibkarlığın inkişafına lizinqin müsbət təsirindən, lizinq sektorunun inkişafında bankların iştirakından və bu sahəyə sərmayə qoyuluşu məsələlərindən danışdılar.
Konfransda Azərbaycanın lizinq qanunvericiliyinin problemləri və perspektivləri, lizinqin maliyyə xüsusiyyətləri, respublikamızda maliyyə xidmətləri bazarının inkişaf etdirilməsi, lizinq əməliyyatlarının vergilərə cəlb edilməsi, lizinq qanunvericiliyində son dəyişikliklər barədə məlumat verildi.
Qeyd edildi ki, Azərbaycanda lizinqin inkişaf mərhələsi başlanmışdır. Bu, iqtisadi inkişafı təmin etmək üçün çox zəruri üsullardan biridir. Lakin ölkəmizin bu sahədə təcrübəsi azdır. Respublikamızda yalnız bir neçə şirkət bu istiqamətdə fəaliyyət göstərir. Azərbaycanda lizinqə münasibət kökündən dəyişilməli, lizinqin inkişafına strateji əhəmiyyəti olan məsələ kimi yanaşılmalıdır.
Konfransın birinci iş günü lizinqin inkişafının ölkəmizin iqtisadiyyatı üçün əhəmiyyəti barədə 20-dək məruzə dinlənildi. Konfrans iştirakçılarının müzakirə edilən məsələlərlə bağlı sualları cavablandırıldı.
Mayın 7-də Beynəlxalq konfrans öz işini davam etdirir.