“Beynəlxalq münasibətlər prosesində Azərbaycan diasporu və soyqırımı” kitabı çapdan çıxmışdır
Bakı, 9 mart (AZƏRTAC). Siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyevin “Beynəlxalq münasibətlər prosesində Azərbaycan diasporu və soyqırımı” kitabı çapdan çıxmışdır.
AZƏRTAC xəbər verir ki, adıçəkilən nəşr müəllifin sayca altıncı kitabıdır.
Kitabın məsləhətçisi, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə, elmi redaktoru fəlsəfə elmləri doktoru, professor Əlikram Tağıyevdir.
Kitabda diaspor nəzəriyyəsi və Azərbaycan diasporunun formalaşması, diaspor təşkilatlarımızın qarşılaşdıqları problemlər və onların həlli yolları, diaspor quruculuğu və azərbaycançılıq ideologiyası, siyasi-hüquqi və informasiya istiqamətində Azərbaycan diasporunun fəaliyyəti, diasporlararası əməkdaşlıq strategiyası və digər mövzular ətraflı tədqiq edilmişdir.
Eyni zamanda kitabda mühacirət və Azərbaycan diasporunun formalaşma tarixi, yayılma coğrafiyası, Azərbaycan lobbisi, diaspor təşkilatları, ünvanları, fəaliyyətləri, informasiya texnologiyaları və milli ideologiyalar, diasporumuzun fəaliyyət göstərdiyi ölkələr haqqında məlumatlar da əks olunmuşdur.
Kitab diaspor mövzusunu araşdıran tədqiqatçılar, alimlər və mütəxəssislər, eləcə də xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün nəzərdə tutulmuşdur.