Birləşmiş Ərəb Əmirliklərinin “Al-Bayan” qəzetində Xocalı faciəsi ilə bağlı məqalə dərc edilmişdir
Bakı, 27 fevral (AZƏRTAC). Dubay hökumətinə məxsus ərəbdilli “Al-Bayan” qəzetinin redaktoru Birləşmiş Ərəb Əmirliklərindəki Azərbaycan diasporunun rəhbəri Samir İmanovun Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı təşkil etdiyi konfrans haqqında qəzetin 27 fevral tarixli nömrəsində məqalə dərc etmişdir.
Məqalədə Azərbaycan xalqının fevralın 26-da Xocalı soyqırımının 22-ci ildönümünü yad etdiyi bildirilir. Qeyd edilir ki, Xocalı soyqırımı XX əsrdə, ümumiyyətlə bəşər tarixində insanlığa qarşı törədilmiş ən ağır cinayət hesab olunur. Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən Azərbaycan diasporu bu hadisə ilə bağlı konfrans təşkil etmişdir. Konfransı açan Azərbaycan diasporunun rəhbəri Samir İmanov Xocalı faciəsi zamanı yüzlərlə dinc azərbaycanlının ermənilər tərəfindən amansızcasına qətlə yetirildiyini və işgəncəyə məruz qaldığını bildirmişdir. S.İmanov əlavə etmişdir ki, bu soyqırımı nəticəsində 613 dinc azərbaycanlı qətlə yetirilmişdir. Onların arasında 63 uşaq, 106 qadın, 70 qoca olmuşdur. Faciə nəticəsində 155 nəfər itkin düşmüş, 1000-dən artıq insan ağır bədən xəsarəti almışdır. Bir gecə ərzində Xocalı şəhəri yerlə yeksan edilmişdir. Bu dəhşətli soyqırımı aktı erməni silahlı qüvvələri tərəfindən SSRİ dövründən Dağlıq Qarabağın Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyi ilə törədilmişdir. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülmüş, 3 nəfər diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, bədən əzaları və başları kəsilmiş, gözləri çıxarılmışdır. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi Xocalı faciəsinin beynəlxalq hüquqa əsasən məhz soyqırımı olduğunu təsdiq edir.
Diqqətə çatdırılmışdır ki, BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 saylı qətnaməsi ilə qəbul edilən və 1961-ci ildən qüvvəyə minən Konvensiyada soyqırımı cinayətinin hüquqi əsası təsvir edilmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin Konvensiyada təsbit edilən soyqırımı cinayətinə aid bütün əməllər tətbiq olunmuşdur.
Vurğulanmışdır ki, yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra bu qanlı faciəyə hüquqi-siyasi qiymət verilmişdir. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi elan etmişdir.
Məqalənin tam mətnini aşağıdakı linkdən oxumaq mümkündür: