Cavid Hüseynov: Birləşmiş Ərəb Əmirliklərində keçirilən turnirdə 5-6 futbolçu diqqətimi çəkdi
Bakı, 31 oktyabr, AZƏRTAC
“İlk dəfə idi skaut kimi beynəlxalq turnirdə iştirak edirdim”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarja şəhərində “Elite Falcons Football Club” tərəfindən təşkil olunan “Blue Crow Cup 2024” beynəlxalq turnirini canlı izləyən “Turan Tovuz”un məşqçisi Cavid Hüseynov deyib.
O, turnirdə 5-6 futbolçunun çıxışını bəyəndiyini bildirib: “Bakıya döndükdən sonra bununla bağlı klubdaxili iclas keçiriləcək. Turnirdə bəyəndiyim futbolçular barədə rəhbərliyə məlumat verəcəyəm”.
Azərbaycan millisinin sabiq üzvünün fikrincə, bu turnir ona böyük təcrübə qazandırıb: “Fərqli insanlarla tanış oldum. Tanınmış menecerlər də oyunları izləyirdilər. Onlarla söhbət zamanı maraqlı şeylər öyrəndim. Bu layihə məşqçilərin beynəlxalq səviyyədə əlaqələrinin genişlənməsinə müsbət təsir edir. Gələn ay və ya növbəti ilin yanvarında yenidən bu cür turnirlər olacaq”.
Qeyd edək ki, Cavid Hüseynov əsasən Afrikadan olan 2005, 2006 və 2007-ci il təvəllüdlü futbolçuların çıxış etdiyi turniri üç gün ərzində canlı izləyib.