Cəlilabadda 9 min il əvvələ aid edilən təpədə qazıntılar aparılır
Cəlilabad, 10 avqust, İlkin Adıyev, AZƏRTAC
Cəlilabadın Paşatəpə qədim yaşayış məskənində qazıntı işləri aparılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Paşatəpə adlanan ərazi rayonun Cəfərxanlı kəndi ərazisində yerləşir. Qazıntı işlərini AMEA-nın Tarix, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları aparır.
Kəndin mərkəzində yerləşən ərazidə ötən il AMEA-nın əməkdaşları arxeoloji qazıntılar aparıblar. Qazıntılar zamanı təpədə 9 min il əvvələ aid olan yaşayış məskəni aşkar edilib, çoxlu məişət əşyaları, insan sümükləri tapılıb. Həmçinin bu qədim yaşayış məskənində Azərbaycan tarixində ikinci hesab olunacaq atın əhliləşdirilməsi ilə bağlı nümunələr də aşkarlanıb. İlk belə nümunələr də Cəlilabadda yerləşən Əliköməktəpə yaşayış məskənində aşkar olunmuşdu.
Qeyd edək ki, Paşatəpə qədim yaşayış məskəni alimlər tərəfindən ötən əsrin 70-ci illərində qeydə alınıb.