Cənub bölgəsinə gələn turistlərin sayı artmışdır
Lerik, 9 yanvar (AZƏRTAC). Cənub bölgəsində hələlik sərt qışın ab-havası hiss olunmasa da, Yeni il bayramının əhval-ruhiyyəsi yaşanmaqdadır.
AZƏRTAC xəbər verir ki, Lerik rayonundakı turizm və istirahət obyektləri Avropa standartlarına uyğun inşa edildiyindən və burada xidmət mədəniyyətinin təşkilinin yüksək olduğundan qiymətlər də qonşu rayonlarla müqayisədə yüksəkdir.
Lerikə gələn xarici turistlər buradakı turizm və istirahət obyektlərində xidmətin təşkilini yüksək qiymətləndirirlər. Rayondakı turizm obyektlərində bayram şənliklərinə qatılanların sayının çox olmasına baxmayaraq qiymətlərdə artım qeydə alınmamışdır.
Ümumilikdə 2012-ci ildə Lerik rayonuna gələn turistlərin sayı 8 minə yaxın olmuşdur. Bunun 2 min 800 nəfərini xarici ölkələrdən gələn turistlər təşkil edir.
Leriklə müqayisədə Lənkəran rayonunun turizm və istirahət obyektlərində qiymətlər nisbətən aşağıdır. Ona görə də ailə büdcəsi nisbətən zəif olanlar burada istirahət etmişlər.
Bayram günlərində rayonun turizm obyektlərinə və istirahət məkanlarına gələnlərin sayı əvvəlki illə müqayisədə xeyli çox olmuşdur.
Ümumiyyətlə, 2011-ci ildə Lənkəran rayonuna 10 mindən çox turist gəldiyi halda, ötən il bu rəqəm 15 mini keçmişdir.
Lənkərana gələn turistlərin əksəriyyəti “Palıdlı sahil” turizm mərkəzində istirahət etməyə üstünlük verir. Altı ay ərzində burada 7 mindən çox turist dincəlmişdir. Turistlər onlara göstərilən xidmətdən və qiymətlərdən razılıq edirlər.