CƏZA ÇƏKMƏKDƏN AZAD OLUNMUŞ ŞƏXSLƏRİN HÜQUQLARI QANUNLA QORUNACAQDIR
AZƏRTAC xəbər verir ki, Milli Məclisin sosial siyasət daimi komissiyasının aprelin 27-də keçirilmiş iclasında “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olunmuşdur. Komissiyanın sədri Hadi Rəcəbli bildirmişdir ki, sənəd keçmiş məhbusların cəmiyyətdən təcrid olunmasının qarşısının alınması, onların tamhüquqlu vətəndaş kimi həyatda öz yerini tutması və sosial adaptasiyasına kömək baxımından mühüm əhəmiyyətə malikdir.
Layihə barədə məlumat verən komissiyanın üzvü Elmira Axundova qeyd etmişdir ki, bu qanun ölkədə sosial adaptasiya mərkəzlərinin yaradılmasını, keçmiş məhbuslara tibbi, psixoloji, hüquqi, informasiya yardımının göstərilməsini nəzərdə tutur. Milli Məclisdə birinci oxunuşda müzakirədən sonra deputatların təkliflərinə əsasən layihə üzərində xeyli iş aparılmış, sənəd əsaslı surətdə təkmilləşdirilmişdir.
Sonra çıxış edən deputatlar qanunun penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin lazımi sənədlərlə təmin edilməsinə yardım göstərilməsində, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasında, təhsil və peşə hazırlığının təşkilinin tənzimlənməsində mühüm rolundan danışdılar.
Müzakirələrin sonunda layihənin Milli Məclisin iclasında müzakirəyə təqdim olunması qərara alınmışdır.