ÇERNOBILIN BİTMƏYƏN AĞRISI
Görüş iştirakçıları Çernobıl qəzası qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla anmışlar.
Şəhər icra hakimiyyətinin başçısı Vaqif Əliyev çıxışında bildirmişdir ki, bu dəhşətli qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş 462 sumqayıtlının hamısı əlil olmuşdur. İcra hakimiyyəti şəhər Çernobıl qəzası əlilləri cəmiyyəti ilə sıx əlaqə yaratmış, onların problemlərini imkan daxilində həll etməyə çalışmışdır. O vurğulamışdır ki, məhz ümummilli liderimiz, unudulmaz Prezident Heydər Əliyevin 1993-cü ildə Azərbaycana rəhbərliyə qayıdışından sonra Böyük Vətən müharibəsində, Əfqanıstanda, Çernobıl qəzasında əlil olmuş şəxslərə münasibət yaxşılığa doğru kökündən dəyişmişdir. Dövlətimizin başçısı İlham Əliyev də Prezident seçildikdən sonra Nazirlər Kabinetində ilk çıxışında xüsusi vurğulamışdır ki, məmurun başlıca vəzifəsi ölkə vətəndaşlarına qayğıkeş və diqqətcil münasibət göstərməkdir.
Sonra Çernobıl əlilləri regional təşkilatının sədri Bəylər Hacıyev, respublika Çernobıl Əlilləri Birliyi prezidentinin müavini Rövşən Dadaşov və başqaları 1990-cı ildə yaradılmış cəmiyyətin tarixindən danışaraq bildirmişlər ki, bu qəzadan zərər çəkən sumqayıtlılardan 362 nəfəri ikinci dərəcəli əlildir, onların da 9 nəfəri yataq xəstəsidir, 39 nəfəri isə həyatdan köçmüşdür. Bu insanların ən böyük dərdi onların xəstə nəsilləridir.
Çıxışlarda son illər şəhərdə həkimlərin və tibb işçilərinin əlillərə münasibətinin xeyli yaxşılaşdığı, əlillərin bir çox məişət problemlərinin vaxtında həll edildiyi qeyd olunmuşdur. Çernobıl qəzası əlillərinin bu yaxınlarda keçirilən qurultayında icra hakimiyyətinin başçısı Vaqif Əliyevin fəaliyyəti yüksək qiymətləndirilmiş, o, Birliyin fəxri diplomu ilə təltif edilmişdir.
Çernobıl qəzasının 18-ci ildönümü ilə əlaqədar icra hakimiyyəti və şəhər bələdiyyəsi əlillərə maddi yardım ayırmışdır.