“Cross Border Club”ın toplantısında Azərbaycan əsas istiqamət kimi yüksək qiymətləndirilib
Tokio, 9 dekabr, AZƏRTAC
Yaponiyanın tanınmış turizm şirkəti olan “Cross Border Club”ın ilin yekunlarına həsr edilən toplantısında Azərbaycan əsas istiqamət kimi yüksək qiymətləndirilib.
Şirkətin baş meneceri, iqtisadçı ekspert Kazuyasu İşida 2016-cı ildə təşkil edilən səfərlər barədə məlumat verərək bildirib ki, yapon iş adamlarının Çin, İslandiya, Cənubi Sudan, Filippin və digər ölkələrə təşkil etdiyi səfərlər içərisində Azərbaycan əsas istiqamət seçilib. O qeyd edib ki, ölkə rəhbərliyinin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycan sürətlə inkişaf edir. Dünya Bankı və digər beynəlxalq maliyyə təşkilatları Azərbaycanda həyata keçirilən iqtisadi islahatları, mövcud biznes mühitini yüksək qiymətləndirirlər.
Azərbaycanın əldə etdiyi uğurlarda Prezident İlham Əliyevin xüsusi rolunu vurğulayan K.İşida əmin olduğunu bildirib ki, bu ölkə daha böyük uğurlara imza atacaq.
Tədbirdə çıxış edən Azərbaycanın Yaponiyadakı səfirliyinin birinci katibi Rövşən Mirzəyev, Azərbaycan Dillər Universitetinin Yapon Mərkəzinin rəhbəri Yaşar İbrahimov, həmin universitetdə yerləşən “Kurosaka” kitabxanasının təsisçisi Munehisa Kurosaka və başqaları Azərbaycanın mühüm beynəlxalq tədbirlərin təşkil edildiyi mərkəzə çevrildiyini vurğulayaraq, burada həm beynəlxalq ictimai-siyasi, həm mədəniyyət, həm də idman tədbirlərinin yüksək səviyyədə təşkilinin artıq ənənəyə çevrildiyini deyiblər.
Tədbirdə son illərdə Yaponiya ilə Azərbaycan arasında regionlararası əməkdaşlığın inkişafı istiqamətində uğurlu addımların atıldığı qeyd edilib, bu siyahıya yeni şəhərlərin əlavə edilməsi məqsədilə danışıqların aparıldığı bildirilib. Vurğulanıb ki, Azərbaycanda əlverişli biznes mühitinin yaradılması istiqamətində mühüm irəliləyişlərə nail olunub. Qanunvericilik sahəsində aparılan islahatlar, xarici sərmayədarlar üçün sadələşdirilmiş prosedurlar sahibkarlığın təşviqində əhəmiyyətli rol oynayır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio