SİYASƏT
Dağlıq Qarabağda coğrafi yer adlarının dəyişdirilməsi yolverilməzdir
Avropanın 36 ölkəsindən 151 nümayəndənin iştirak etdiyi tədbirdə Azərbaycanı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
İki gün davam edəcək forumu “EuroGeographics” Təşkilatının prezidenti İnqrid Vanden Berge açaraq qurumun idarəetmə şurasının 1 illik fəaliyyəti haqqında ətraflı məlumat verib.
Toplantıda şuraya yeni üzvlərin seçilməsi, 2015-ci il üçün fəaliyyət planı və büdcə kimi cari məsələlərlə yanaşı, bir sıra konseptual problemlər əsas müzakirə obyekti olub. Bunlar arasında kadastr məsələlərinin gələcəyinə cəmiyyətin təsiri, Avropa məkan platformasının milli xəritəçəkmə və kadastr təşkilatları üçün üstünlükləri kimi məsələlər xüsusi maraq dairəsində olub.
Panel iclaslarında Avropanın bir sıra aidiyyəti qurumlarının rəhbərləri ilə fikir mübadiləsi aparan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu islahatlar haqqında ətraflı məlumat verib. Beynəlxalq tədbirə qatılan həmkarlarının diqqətini Dağlıq Qarabağ və Azərbaycanın işğal altında olan digər rayonlarında ermənilərin qeyri-qanuni olaraq coğrafi yer adlarının dəyişdirmələrinə yönəldən Qərib Məmmədov bu cür qeyri-qanuni hallara son qoyulmasının və buna qarşı birgə mübarizə aparılmasının vacibliyini bildirib. Komitənin sədri Azərbaycanda Prezident İlham Əliyevin birbaşa tapşırığına əsasən, hökumətin bununla bağlı milli konsepsiya hazırladığını diqqətə çatdırıb .
Toplantıda Avropa ölkələrinin müvafiq qurumlarının rəhbərləri milli xəritəçəkmə təşkilatları arasında təcrübə mübadiləsinin aparılması, əldə olunmuş uğurlu nəticələrin digər ölkələrdə tətbiqi məsələlərinin zəruriliyini qeyd ediblər.
Tədbirdə AZƏRTAC-a müsahibə verən “EuroGeographics” Təşkilatının prezidenti İnqrid Vanden Berge qurumun işində Azərbaycanın həmişə fəal iştirak etdiyini, qarşıya qoyulan məsələlərin həllində uğurlu nəticələrə nail olduğunu vurğulayıb.
İclas sentyabrın 30-da qurumun idarəetmə şurasına yeni üzvlərin qəbul olunması ilə öz işini başa çatdıracaq.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu