Dilənçi Ermənistan bu qədər silah-sursatı, döyüş texnikalarını haradan, kimdən alıb?
Naxçıvan, 22 oktyabr, AZƏRTAC
Azərbaycan Silahlı Qüvvələrinin ərazi bütövlüyümüz uğrunda apardığı Vətən müharibəsi qəhrəmanlıq tariximizin ən parlaq səhifələrini təşkil edir. Dünyada baş verən müharibələrin tarixinə nəzər salsaq görərik ki, qısa müddətdə ordumuzun 3 şəhəri, 2 böyük qəsəbəni, 100-dən çox kəndi, strateji əhəmiyyətə malik xeyli yüksəklikləri düşməndən azad etməsi, düşmənin çox sayda canlı qüvvəsini, zirehli texnikalarını, bütün növ silahlarını məhv etməsi onun qüdrətini göstərir. Artıq ermənilər də etiraf edir ki, Azərbaycan Ordusunun döyüş qabiliyyəti bu gün dünyanın ən qüdrətli orduları ilə müqayisə oluna bilər.
AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində bu sözləri “Naxçıvan” Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli deyib. O qeyd edib ki, düşmənin sonsuz sayda silah-sursatı, döyüş texnikası məhv olunub. Ancaq buna baxmayaraq, hələ də onların ehtiyatı tükənməyib. Maraqlı odur ki, ona-buna möhtac olan dilənçi Ermənistan bu qədər silah-sursatı, döyüş texnikalarını haradan, kimdən alıb? Axı beynəlxalq münasibətləri tənzimləyən konvensiyalar, hərbi texnikalar üçün müəyyənləşdirilən limit var. Müvafiq beynəlxalq təşkilatlar niyə bunlara nəzarət etməyib? Buna görə təkcə Ermənistan yox, işğalçıların silahlanmasına nəzarət etməyən beynəlxalq qurumlar da məsuliyyət daşıyır və gələcəkdə ölkəmizin bu məsələni ciddi şəkildə gündəmə gətirəcəyinə hər kəs əmindir.
Rəcəb Cəfərli vurğulayıb ki, Prezident İlham Əliyev işğal olunmuş Azərbaycan ərazilərində gedən proseslərlə, Ermənistanın yenidən müharibəyə hazırlaşması barədə beynəlxalq ictimaiyyəti dəfələrlə xəbərdar etmişdi. Son olaraq sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasında dövlətimizin başçısı ümumi debatlarda videoformatda çıxış edərkən beynəlxalq ictimaiyyətə yenidən müraciət etdi, Ermənistanın təxribatları, onun yeni işğalçılıq planları, müharibəyə hazırlaşması barədə danışdı. Ölkə rəhbəri beynəlxalq ictimaiyyəti erməni faşist dövlətini durdurmağa çağırdı. Amma təəssüf ki, beynəlxalq təşkilatlar və dünya dövlətləri buna yenə biganə yanaşdılar. Və güclü Azərbaycan dövləti, qüdrətli Azərbaycan Ordusu işğalçı, təcavüzkar Ermənistanı özü durdurmaq qərarını verdi. Azərbaycan işğal edilmiş torpaqlarını beynəlxalq hüquq çərçivəsində azad etmək, ərazi bütövlüyünü bərpa etmək məqsədilə antiterror əməliyyatına başladı.
Prezidentimizin dediyi kimi, “Dağlıq Qarabağ məsələsi bizim milli məsələmizdir. Dağlıq Qarabağ məsələsinin həlli bizim tarixi vəzifəmizdir. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm, biz bu məsələni elə həll etməliyik ki, Azərbaycan xalqı bundan razı olsun. Biz bunu elə həll etməliyik ki, tarixi ədalət bərpa edilsin. Biz bunu elə etməliyik ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalı və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.