SİYASƏT
Doğu Akdeniz Universitetində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş tədbir keçirilmişdir
Bakı, 31 dekabr (AZƏRTAC). Şimali Kiprin Doğu Akdeniz Universitetində 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxış edərək Azərbaycan dövlətinin dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın vahid azərbaycançılıq ideyası ətrafında birləşdirilməsi istiqamətində gördüyü işlərdən danışmışdır.
Tədbirdən sonra Şimali Kipr universitetlərində təhsil alan azərbaycanlı tələbələrin nümayəndələri ilə görüş olmuşdur. Ümumilikdə 250 azərbaycanlı tələbənin iştirak etdiyi görüşdə çıxış edən Aydın Mirzəzadə Azərbaycanda son illərdə gedən quruculuq işləri, dövlətimizin daxili və xarici siyasətində qazanılan uğurlar barədə tələbələrə ətraflı məlumat vermişdir.
Bildirilmişdir ki, ölkəmizin yüksək hazırlıqlı mütəxəssislərə böyük ehtiyacı vardır. Kiprdə təhsil alan gənclərimizin elmə həvəsi, vətənpərvərliyi təqdirəlayiq haldır.
Görüşdə çıxış edən tələbələr Azərbaycan dövlətinin qazandığı uğurlardan qurur duyduqlarını və azərbaycanlı adını yüksək tutduqlarını bildirmişlər.