“DÜNYANI HEYRAN QOYAN İNSAN” KİTABININ TƏQDİMATI
Dünyanın görkəmli siyasi və dövlət xadimlərinin, diplomatlardan, ədəbiyyat, elm, mədəniyyət və incəsənət xadimlərindən tutmuş biznes nümayəndələrinə, jurnalistlərə qədər ən müxtəlif peşə sahiblərinin otuz ildən çox siyasi hakimiyyətin zirvəsində olan ümummilli liderimiz, müstəqil Azərbaycanın qurucusu Prezident Heydər Əliyev haqqında qiymətli fikirləri toplanmış bu kitabın təqdimat mərasimini Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdullayev açdı.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimov, Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, Milli Məclisin İnsan hüquqları daimi komissiyası sədrinin müavini Rəbiyyət Aslanova, AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun direktoru, professor Yusif Rüstəmov, AZƏRTAC-ın baş direktoru Aslan Aslanov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Vəli Həbiboğlu, Milli Məclisin deputatı, professor Bəxtiyar Əliyev, Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, yazıçı-publisist Elmira Axundova mərasimdə çıxış edərək, yüksək zövqlə hazırlanmış bu fundamental əsərin məziyyətlərindən danışdılar, gələcəkdə onun rus və ingilis dillərində də nəşrinin məqsədəuyğun olduğunu vurğuladılar, kitabın ərsəyə gətirilməsində əməyi olanların hamısına təşəkkürlərini bildirdilər.
Mərasimdə Milli Məclisin sədri Murtuz Ələsgərov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, parlament sədrinin birinci müavini Arif Rəhimzadə, deputatlar, elm, mədəniyyət, incəsənət xadimləri və mətbuat işçiləri iştirak edirdilər.
Geniş hesabat qəzetin növbəti nömrəsində dərc olunacaqdır.