Ekspert: Ələt limanı və Azərbaycanın dəmir yolu infrastrukturu Orta Dəhlizin rəqabət qabiliyyətini artırır
Bakı, 15 may, AZƏRTAC
Azərbaycanda müasir nəqliyyat infrastrukturunun inkişafı Orta Dəhlizin Avropa ilə Asiya arasında ən perspektivli marşrutlardan biri kimi mövqeyinin möhkəmlənməsinə töhfə verir.
Bunu AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında logistika və nəqliyyat marşrutlarının inkişafı üzrə beynəlxalq ekspert Qaydar Abdikerimov deyib.
Onun sözlərinə görə, Azərbaycan müxtəlif istiqamətlər üzrə yüklərin fasiləsiz tranzitini təmin edən səmərəli multimodal daşımalar sistemi qurmağa nail olub. Ekspert beynəlxalq ekoloji standartlara uyğun olaraq regionun “yaşıl liman” statusu alan ilk limanlarından birinə çevrilmiş Ələt limanının inkişafına xüsusi diqqət çəkib.
Ekspert qeyd edib ki, Avropa müştəriləri daşımaların ekoloji tələblərə uyğunluğuna və dayanıqlı logistika məsələlərinə getdikcə daha çox önəm verirlər. Buna görə də infrastrukturun müasir ESG tələblərinə uyğunluğu Azərbaycanın tranzit platforması kimi cəlbediciliyini əhəmiyyətli dərəcədə artırır. Onun qiymətləndirməsinə görə, hazırda həyata keçirilən infrastruktur layihələri təkcə yaxın perspektivdə deyil, uzunmüddətli gələcəkdə də müsbət nəticələr verəcək.
Müəllif – Tamilla Məmmədova