MƏDƏNİYYƏT
“Əl Fəcr” qəzeti: Azərbaycan özünün təbiəti, tarixi ilə həmişə qəlblərdədir
Əbu-Dabi, 3 aprel, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin geniş oxucu kütləsinə malik “Əl Fəcr” qəzetinin birinci səhifəsi bütövlükdə Azərbaycana həsr olunub. Qəzetin baş redaktoru Şərif Əl Bəsilin imzası ilə “Azərbaycan özünün təbiəti, tarixi və irsi ilə həmişə qəlblərdədir” adlı geniş məqalə dərc edilib.
Qəzetin baş redaktoru iki dəfə Azərbaycanda olub, ölkəmizin müxtəlif şəhər və rayonlarına səfər edib, milli adət-ənənələrimiz, mədəniyyətimiz haqqında dəfələrlə müxtəlif məqalələr qələmə alıb.
Məqalədə əvvəlcə müəllif Azərbaycanda son vaxtlar turizm sahəsindəki sürətli inkişafdan bəhs edərək, özünün təbiəti, geniş infrastrukturu, istirahət zonaları, tarixi yerləri və arxeoloji qazıntıları ilə ölkəmizin dünyanın qlobal turizm xəritəsində tutduğu önəmli yerini qeyd edir. Baş redaktor bu mövzuda xidmət sahələrinin gündən-günə müasir standartlara uyğunlaşdırıldığını, gözəlləşən Azərbaycanın sürətlə inkişaf etdiyini xüsusi vurğulayır.
Müəllif qeyd edir ki, Azərbaycana hər dəfə səfər edəndə insan özü üçün yeni kəşflər edir. Belə ki, ölkəmizin hər bir şəhərində tarixi elementlərlə yanaşı, müasirliyin naxışları öz əksini tapıb. Bu şəhərlərdə istirahətlə yanaşı, ekzotik zövq almaq üçün imkanlar, gözoxşayan təbiət, həmçinin turizmin digər əksər növlərindən faydalanmaq olar.
Məqalədə Qəbələnin Azərbaycan coğrafiyasındakı mövqeyinə, iqliminə və turizm imkanlarına dair ətraflı məlumat verilir. Burada yaradılmış infrastruktur barədə yazılmış məlumatlarda qış turizmi sahəsində xizəksürmə, kanatla dağlara qalxma, habelə otellər barədə informasiyalar yer alıb. Qəbələyə ilin bütün fəsillərində on minlərlə turistlərin gəldiyi bildirilir. Meşə və çaylarla zəngin olan Qəbələnin təbiəti barədə ətraflı məlumat verən müəllif Azərbaycanın doğrudan da bir çox ölkələrdən surətlə inkişaf etdiyini vurğulayır.
Baş redaktor Gəncə şəhərindən bəhs edərkən buranın görkəmli ədiblər yurdu, o cümlədən dahi Azərbaycan şairi, mütəfəkkiri Nizami Gəncəvinin vətəni olduğunu vurğulayır. Nizami Gəncəvinin fəlsəfə, astrologiya barədə yazılarının olduğu diqqətə çatdırılır. Müəllif Nizami məqbərəsi və onun yerləşdiyi kompleks barədə məlumatlara da yer ayırıb. Bu ərazidə 2013-cü ildə yaradılmış muzey və onun eksponatlarından söhbət açan müəllif tarixi faktlara nəzər salır. Burada nümayiş olunan tarixi nümunələrin, əlyazmaların toplanılması üçün uzun illər işlər aparıldığı, dünyanın onlarla ölkəsindən materialların gətirildiyi qeyd olunur.
Şəki barədə yazı isə bu rayonun coğrafi mövqeyinin önəminin qeyd edilməsi ilə başlayır. Müəllif Şəkinin tarixi, qədim abidələri barədə oxuculara ətraflı məlumat verir.
Baş redaktor Azərbaycanın füsunkar gözəlliyini görmək üçün ərəb turistlərini ölkəmizə səfərə dəvət edir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi