Elektron vizaların rəsmiləşdirilməsi üçün turizm şirkətlərinin akkreditasiyası meyarlarının hazırlanması üzərində işlər aparılır
Bakı, 14 fevral (AZƏRTAC). Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev elektron vizaların rəsmiləşdirilməsi ilə əlaqədar şirkətlərin akkreditasiyası şərtlərinin müzakirəsi məqsədilə gəlmə turizm sahəsində ixtisaslaşan turizm şirkətlərinin nümayəndələri ilə görüş keçirmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 15 aparıcı turizm şirkətinin rəhbərlərinin iştirakı ilə keçirilmiş görüşdə şirkətlərin akkreditə müddəti, turizm şirkətlərinin qarşısında qoyulan minimal tələblər, qaydaların pozulmasına görə müvafiq sanksiyalar, elektron viza sistemi ilə işləyəcək turizm şirkətlərinin əməkdaşları üçün müvafiq treninqlərin keçirilməsi və digər məsələlər müzakirə edilmişdir.
Turizm şirkətlərinin nümayəndələri yaradılan elektron viza sisteminin turizm sənayesinin qarşısında duran problemlərin həll olunmasına imkan verəcəyinə və gəlmə turizmin daha da inkişaf etdirilməsinə, ölkəyə daha çox gəlirlərin cəlb olunmasına zəmin yaradacağına əmin olduqlarını bildirmişlər.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 30 noyabr tarixli Sərəncamına əsasən, aidiyyəti qurumlara Azərbaycanda elektron vizanın rəsmiləşdirilməsi sisteminin yaradılması tapşırılmışdır. Bu, mövcud viza rejiminin sadələşdirilməsinə və ölkəmizə gələn turistlərin sayının artırılmasına şərait yaradacaqdır.