Elmi-tədqiqat işlərində fərqlənən tələbələr mükafatlandırılıb
Naxçıvan, 30 iyun, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində 2020-2021-ci tədris ilində Tələbə Elmi Cəmiyyətinin xətti ilə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekun konfransı keçirilib. Tədbirdə, əvvəlcə, cəmiyyətin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, konfransda çıxış edən ali təhsil ocağının rektoru Elbrus İsayev tələbələrin elmi-texniki potensialının qorunub saxlanılmasında Tələbə Elmi Cəmiyyətin əhəmiyyətini vurğulayıb. Rektor bildirib ki, cəmiyyətin işində fəallıq nümayiş etdirənlər 30 iyun-2 iyul tarixlərində “Ağbulaq” İstirahət Mərkəzində “Elm və innovasiya” düşərgəsində olacaq, asudə vaxtlarını səmərəli keçirəcəklər.
2020-2021-ci tədris ilində Tələbə Elmi Cəmiyyəti xətti ilə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekunları barədə danışan cəmiyyətin sədri Təbrizə Bağırova diqqətə çatdırıb ki, bu tədris ilində 437 müəllim elmi-tədqiqat işlərinə rəhbərlik edib, 571 tələbə 570 mövzu üzrə məşğul olub. Ötən illə müqayisədə mövzuların sayında 221 vahid 63 faiz artım qeydə alınıb.
Tədbirdə Biologiya kafedrasının müdiri, biologiya üzrə elmlər doktoru, dosent Daşqın Qənbərov, Ümumi təbabət və kliniki fənlər kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Gültəkin Əliyeva kafedralarında yerinə yetirilən elmi-tədqiqat işləri barədə məlumat veriblər.
Universitet üzrə cəmiyyətin xətti ilə ən yaxşı elmi-tədqiqat işini yerinə yetirən Müalicə işi ixtisası üzrə IV kurs tələbəsi Çinarə Orucova I yerə layiq görülüb. Marketinq ixtisası üzrə I kurs tələbəsi Elsun Cəfərov, Fortepiano ifaçılığı ixtisası üzrə IV kurs tələbəsi Xanım Əsgərova II, Stomatologiya ixtisası üzrə IV kurs tələbəsi Fərid Cəfərli, Biologiya müəllimliyi ixtisası üzrə II kurs tələbəsi Arzu Sultanova isə III yeri bölüşüblər.
Sonra elmi-tədqiqat işlərində seçilən tələbələrə plaket, fakültələr üzrə fərqlənən tələbələrə diplom, Tələbə Elmi Cəmiyyətində fəallıq göstərən tələbələrə isə təşəkkürnamə təqdim edilib.