FAO vəhşi təbiətin qorunması təşəbbüsünü genişləndirir
Bakı, 29 iyul, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Davamlı Vəhşi Təbiətin İdarə Edilməsi (SWM) proqramını genişləndirmək üçün Avropa İttifaqının (Aİ) əlavə 25 milyon avro ayırmasını alqışlayıb.
AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, bu təşəbbüs 2017-ci ildən bəri dayanıqsız vəhşi təbiət ovunu azaltmaq, vəhşi təbiəti qorumaq, insanların dolanışıq vasitələrini və ərzaq təhlükəsizliyini gücləndirmək məqsədilə Afrika, Karib hövzəsi və Sakit okean ölkələrində həyata keçirilir. Aİ bu proqramın birinci mərhələsinə Fransanın Qlobal Ətraf Mühit Fondu (FFEM) və Fransa İnkişaf Agentliyinin (AFD) birgə maliyyələşdirilməsi ilə 45 milyon avro ayırıb. İkinci mərhələ 2023-cü ilin avqustundan 2029-cu ilin mayına qədər davam edəcək və Afrikada biomüxtəlifliyin qorunması üçün Aİ-nin yeni təşəbbüsü olan “NaturAfrica” proqramının bir hissəsi olacaq. Bu yeni mərhələdə FAO, həmçinin Fransanın Beynəlxalq İnkişaf üzrə Kənd Təsərrüfatı Tədqiqat Mərkəzi (CIRAD), Beynəlxalq Meşə Təsərrüfatı Tədqiqatları Mərkəzi (CIFOR) və Vəhşi Təbiəti Mühafizə Cəmiyyətinin (WCS) daxil etdiyi tərəfdaşlar konsorsiumuna rəhbərlik etməyə davam edəcək.
FAO-nun Baş Direktorunun müavini Maria Helena Semedo bununla bağlı deyib: “SWM proqramı qida təhlükəsizliyi baxımından əhəmiyyətlidir. Təşəbbüs Kunminq-Monreal Qlobal Bioloji Müxtəliflik Çərçivəsinin həyata keçirilməsinə, eləcə də FAO-nun 2022-2031-ci illər üzrə yeni Strateji Çərçivəsində “dörd yaxşı prinsipə” töhfə verir. Məsələn, bu proqram zəncirlərində təhlükəsiz qidanı təşviq etməklə "daha yaxşı qidalanma" üzrə təcrübələri təkmilləşdirmək, zoonoz risklərini azaltmaq və ekosistemləri qorumaq məqsədilə imkanlar yaratmaq üçün innovativ yanaşmaları inkişaf etdirmək nəzərdə tutulur. Təşəbbüs "daha yaxşı ətraf mühit" istiqamətində həyata keçirilir. FAO 16 ölkədə milli və regional idarələr, habelə 80-dən çox yerli icma ilə işləyir. Təşəbbüs vəhşi heyvanları, ekosistemləri qorumaq və bu resurslardan asılı olanların həyat şəraitini yaxşılaşdırmaq üçün innovativ yanaşmaları gücləndirir”.
SWM proqramı istehsal, qidalanma, ətraf mühit və dolanışıq vasitələrinin təkmilləşdirilməsini təmin edən daha səmərəli, inklüziv, davamlı və dayanıqlı aqro-ərzaq sistemlərinə keçid vasitəsilə Dayanıqlı İnkişaf üçün 2030 Gündəliyini dəstəkləyən FAO-nun 2022-2031-ci illər üzrə Strateji Çərçivəsinə töhfə verir.