Fövqəladə Hallar Nazirliyi xilasetmə əməliyyatlarının görüntülərini yayıb VİDEO
Bakı, 23 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 16 halda yanğına çıxış, 8 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində üçü azyaşlı olmaqla 11 nəfər, o cümlədən Zaqatala şəhərində “Niva”, “BMW” və “Hyundai” markalı üç minik avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qalmış bir nəfər xilas edilib. Yanğın zamanı biri azyaşlı olmaqla üç nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Həmçinin paytaxtın Binəqədi rayonunda bir nəfərin cəsədi bağlı qapı arxasında aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.
Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.