Füzuli rayonunda “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” adlı tədbir keçirilib
Füzuli, 14 aprel, Aydın Yavərzadə, AZƏRTAC
Füzuli rayonunda “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” adlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx izlənib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Alı Alıyev müasir, müstəqil Azərbaycanın möhkəm təməlinin, eləcə də ölkəmizdə milli intibah dövrünün başlanğıcının məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırıb. Bu milli intibahın əsas göstəricisi olaraq dövlətimizin dinamik inkişafından, xalqımızın birliyindən söhbət açılıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun tariximizə həkk etdiyi böyük Zəfərin məhz bu milli intibahın davamı və Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəli nəticəsi olduğu bir daha vurğulanıb.
Milli Ordumuzun ilk uğuru olan, Ulu Öndər Heydər Əliyevin Ali Baş Komandanlığı ilə keçirilən “Horadiz əməliyyatı”ndan da bəhs edilib və bütün hərbi uğurlarımızın əsasında Ulu Öndərin ordu quruculuğu siyasətinin dayandığı bildirilib.
Sonra YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova çıxış edərək, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, regionun ən mükəmməl siyasi qurumu olan YAP-ın Azərbaycanın milli intibahında müstəsna rol oynamasından bəhs edib. Ulu Öndərin Azərbaycanda kadr potensialının formalaşması, azərbaycanlı gənclərin yüksək təhsil alması üçün atdığı mühüm addımları diqqətə çatdıran Almaz Həşimova çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin gələcəyə uğurla addımladığını bildirib.
Tədbirdə şəhid atası Elxan Quliyev, rayon ziyalısı İbiş Səfərov, Rayon Ağsaqqallar Şurasının sədri Zülfüqar Əliyev, Vətən müharibəsi qazisi Vüqar Nəbiyev, gənc hüquqşünas Səbuhə Namazova çıxış edərək Azərbaycanın müstəqilliyi, inkişafı, beynəlxalq səviyyədə tanınması, ordu quruculuğu, hüquqi bazanın yaradılması və digər sahələrdə qazanılan uğurlarda Ulu Öndər Heydər Əliyevin yorulmaz fəaliyyətindən, misilsiz əməyindən bəhs ediblər.