AZƏRTAC-ın müxbiri xəbər verir ki, Gəncədə Maliyyə Nazirliyinin təşəbbüsü ilə “2003-cü ilin dövlət büdcəsinin icrası, cari ilin birinci rübündə dövlət büdcəsinin vəziyyəti və növbəti büdcə prosesi ilə bağlı qarşıda duran vəzifələr”ə həsr olunmuş zona müşavirəsi keçirilmişdir. Gəncə və Naftalan şəhər, Qazax, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Xanlar, Kəlbəcər, Tovuz, Samux və Şəmkir rayonları icra hakimiyyətləri nümayəndələrinin, maliyyə orqanları və büdcə təşkilatları rəhbərlərinin iştirakı ilə keçirilən müşavirəni maliyyə naziri Əvəz Ələkbərov açaraq respublikamızın iqtisadiyyatının hazırkı vəziyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi sahədə həyata keçirilən tədbirlər sayəsində əldə olunmuş müsbət nəticələr barədə məlumat vermişdir. Nazir qeyd etmişdir ki, ümummilli liderimiz Heydər Əliyev tərəfindən ardıcıl surətdə aparılan iqtisadi islahatlar nəticəsində 1996-cı ildən başlayaraq ölkəmizdə ümumi daxili məhsul 3,3 dəfə, büdcə gəlirləri 3,9 dəfə, sərmayə qoyuluşu 6,5 dəfə, xarici ticarət dövriyyəsi 3,3 dəfə artmış, büdcə kəsiri 2 faizi ötməmiş, inflyasiyanın illik səviyəsi təxminən 1 və ya 2 faiz olmuşdur.
Ölkənin makroiqtisadi göstəricilərinə toxunan nazir Əvəz Ələkbərov demişdir ki, 2003-cü ildə əhalinin adambaşına real pul gəlirləri artaraq 2,9 milyon manata çatmışdır. Ölkəmizin iqtisadiyyatının dinamik inkişafı dövlət büdcəsi gəlirlərinin əvvəlki ilə nisbətən 34,7 faiz, xərclərinin isə 32,5 faiz artımında da özünü göstərmişdir.
Nazir qazanılmış uğurlarla yanaşı, nöqsanlardan da danışaraq demişdir ki, bəzi hallarda büdcə vəsaitlərinin səmərəli və təyinatı üzrə istifadəsində ciddi nöqsanlara yol verilir, uçot-hesabat işləri dəqiq aparılmır.
Sonra nazirliyin büdcə şöbəsinin rəisi Fazil Fərəcov 2003-cü il dövlət büdcəsinin icrası zamanı şəhər və rayon maliyyə idarələrində yol verilən nöqsanlar və cari ildə bu qüsurların aradan qaldırılması sahəsində qarşıda duran vəzifələrə dair məruzə etmişdir.
Canlı dialoq şəklində keçən müşavirədə rayonların maliyyə, təhsil, səhiyyə və mədəniyyət idarələrinin rəhbərləri çıxış edərək arzu və təkliflərini bildirmişlər. Maliyyə naziri Əvəz Ələkbərov müşavirəyə yekun vurmuşdur.