Görmə əlilliyi olan 18 yaşına çatmayan uşaqlar üçün Novruz şənliyi keçirilib






















Bakı, 16 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sifarişi və Gözdən Əlillər Cəmiyyətinin təşkilati dəstəyi ilə Qayğıya Ehtiyacı olan Şəxslərə Sosial Dəstək İctimai Birliyi “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün bayram tədbirlərinin təşkili” layihəsi çərçivəsində Novruz bayramı ilə əlaqədar şənlik təşkil edib.
AZƏRTAC xəbər verir ki, Bakıda yaşayan və “Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 saylı xüsusi internat məktəbi”ndə təhsil alan görmə üzrə əlilliyi olan uşaqların iştirakı ilə təşkil edilən şənlikdə onların rahatlığının təmin edilməsi üçün müyəssər şərait qurulub.
Paytaxtdakı “Metropark” ticarət və əyləncə mərkəzində keçirilən bayram şənliyində gözdən əlil uşaqlar üçün müyəssər oyun və şou proqramlarla yanaşı, Novruz bayramına xas şirniyyat və fastfudlardan ibarət bayram süfrəsi açılıb, hədiyyələr təqdim edilib.
Novruz şənliyində 200-ə yaxın uşaq və onları müşayiət edən şəxslərin iştirakı təmin olunub.