GUAM-ın Kiyevdəki Katibliyində Mədəniyyət və Turizm üzrə İşçi Qrupun I iclası keçirilmişdir
Kiyev, 18 aprel (AZƏRTAC). GUAM-ın Kiyevdəki mənzil-qərargahından AZƏRTAC-a verilən məlumata görə, GUAM-ın Ukrayna paytaxtındakı Katibliyində Mədəniyyət və Turizm üzrə işçi qrupun I iclası keçirilmişdir. İclasda GUAM iştirakçısı olan dövlətlərin müvafiq nazirlik, idarə və səfirliklərinin turizm administrasiyalarının, turizm operatorlarının və təşkilatın Katibliyinin nümayəndələri iştirak etmişlər.
İclas iştirakçıları tərəflərin öz ölkələrində mədəniyyət və turizm sahəsində ən yeni nailiyyətləri barədə məlumatını dinləmiş, informasiya və statistik məlumatlar mübadiləsi mexanizmlərinin yaradılması ilə bağlı məsələləri müzakirə etmiş, GUAM-Yaponiya müştərək turizm layihəsinin yekunları barədə hesabatı dinləmiş, mədəniyyət və turizm sahəsində GUAM+ formatında yeni layihələr işlənib hazırlanması məsələlərini müzakirə etmişlər.
GUAM-Yaponiya müştərək turizm layihəsinin həyata keçirilməsi başlanan vaxtdan yaponiyalı turistlərin GUAM iştirakçısı olan dövlətlərə səfərlərinin sayının artması qeyd edilmişdir.
İclasın yekunlarına əsasən, Mədəniyyət və Turizm üzrə İşçi Qrupun 2013-2014-cü illər üçün İş Planı qəbul edilmişdir.
Tərəflər növbəti profil iclasın bu il oktyabrın 11-12-də II Kiyev Beynəlxalq Turizm Forumu ərəfəsində GUAM-ın Katibliyində keçirilməsi barədə razılığa gəlmişlər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev