GUAM-Yaponiya: ekologiya sahəsində əməkdaşlıq genişlənir
Kiyev, 2 mart, AZƏRTAC
GUAM-ın Kiyevdəki qərargahından AZƏRTAC-a verilən məlumata görə, Yaponiyada GUAM üzvü olan dövlətlərin ekspertləri üçün ekologiya və tullantıların idarə edilməsi məsələlərinə həsr edilmiş seminar keçirilib.
Yaponiya hökuməti tərəfindən GUAM-Yaponiya əməkdaşlığı çərçivəsində təşkil edilmiş seminarda iştirakçı dövlətlərin müvafiq nazirlik və idarələrinin nümayəndələri, habelə GUAM-ın Katibliyinin təmsilçisi iştirak edib.
Seminar iştirakçıları bu tədbir çərçivəsində Yaponiya Xarici İşlər Nazirliyində səfir Toşihiro Aiki, Yaponiyanın GUAM-üzrə xüsusi nümayəndəsi, iştirakçı dövlətlərin Tokioda akkreditə edilmiş səfirləri, habelə Yaponiya Ətraf Mühit Nazirliyinin tullantıların idarə edilməsi və emal olunması məsələləri üzrə departamentinin direktor müavini ilə görüşüblər.
Tədbirin gedişində GUAM iştirakçısı olan dövlətlərin nümayəndələri öz ölkələrində ekoloji vəziyyət və tullantıların idarə edilməsi mövzusunda təqdimatlar keçirib, bu sahədə Yaponiyanın siyasəti ilə tanış olublar. Seminar iştirakçıları Yaponiyanın xarici ticarət təşkilatının (JETRO) nümayəndəsinin bu sahədə zavodlar tikilməsi və infrastruktur obyektləri yaradılmasında JETRO-nun fəaliyyəti barədə təqdimatını dinləyiblər.
Tədbir başa çatandan sonra tullantıların idarə edilməsi və ətraf mühit məsələləri sahəsində Yaponiya ilə GUAM arasında gələcək əməkdaşlıq mövzusunda ümumi diskussiya keçirilib.
Tədbir iştirakçıları seminar çərçivəsində Yaponiya paytaxtının hökuməti yanında Tokio ətraf mühit bürosunda, İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyində, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyində (JİCA) görüşlər keçirib, “Bioenerji” korporasiyasının Ota rayonunda yerləşən qida məhsulları emalı zavodu, Adati-sitidə tullantıların yandırılması zavodu, Sunamaşi su emalı mərkəzi, Yaponiya ətraf mühitin təhlükəsizliyi korporasiyasının (JESCO) polixlorbifenil təmizləmə zavod, habelə Mərkəzi dalğaqıranda tullantıların basdırılması üçün poliqon yerləşən sahə ilə tanış olublar.
Tərəflər razılığa gəliblər ki, qazanılmış təcrübə gələcəkdə ətraf mühit, ekologiya və tullantıların idarə edilməsi sahəsində GUAM-Yaponiya formatında yeni layihələr yaradılmasının əsasını təşkil edə bilər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev