“Gulf Observer” portalında Şahdağın füsunkar təbiətindən bəhs edən məqalə yayımlanıb
Bakı, 6 yanvar, AZƏRTAC
“Gulf Observer” portalında Böyük Qafqaz dağlarının ən hündür zirvələrindən olan Şahdağ haqqında məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Rusiya ilə sərhəddə yerləşən Şahdağın səyyahlar və alpinistlər arasında məşhur olduğu bildirilib. Həmçinin Şahdağın nadir bitki və heyvan növləri də daxil olmaqla zəngin flora və faunaya sahib olduğu qeyd edilib.
Diqqətə çatdırılıb ki, Alp çəmənlikləri, iynəyarpaqlı və enliyarpaqlı meşələr də daxil olmaqla bitki növlərinin müxtəlifliyi ilə seçilən Şahdağda küknar, ladin, fıstıq, palıd, ardıc, şam, ağcaqayın, qaragilə, digər ağac və bitkilər geniş yayılıb. Bu ağac növləri çoxlu sayda heyvanların məskunlaşmasına da əlverişli şərait yaradır. Belə ki, burada ayı, canavar, vaşaq, vəhşi qaban, cüyür, qartal və sair heyvan növlərinə rast gəlinir. Həmin heyvan növlərinin bir çoxunun nəslinin kəsilməsi təhlükəsi var. Ona görə də bu növlərin qorunub saxlanması istiqamətində səylər göstərilir.
Məqalədə xüsusi vurğulanıb ki, heyrətamiz mənzərələrə və çətin relyefə malik olan Şahdağ, həmçinin səyyah və alpinistlərin üz tutduqları məşhur məkanlardan hesab olunur. Sərt sıldırım qayalar dağa dırmanma həvəskarları üçün maraqlı imkanlar təqdim edir. Şahdağı kəşf etmək istəyənlər üçün təcrübəli bələdçinin köməyi ilə dağa dırmanma turları da mövcuddur.
Şahdağa səfər edən səyyah və alpinistlərin hazırlıq və təchizatlı olmaları, qəzaların və xəsarətlərin qarşısının alınması üçün bütün təhlükəsizlik qaydalarına əməl etmələri vacibdir. Qış aylarında dağda havanın temperaturunun xeyli aşağı düşməsi, güclü qar yağması buraya səfər edənlər üçün gəzinti və dağa dırmanmanı çətinləşdirir, təhlükəni artırır. Ona görə də qış aylarında Şahdağa səfər etməyi planlaşdıranların soyuq hava şəraitinə düzgün hazırlaşmaları və lazımi təchizat vasitələri götürmələri vacibdir.
Qeyd edilib ki, yayda burada temperatur daha mülayim olsa da, hava gözlənilmədən dəyişə bilər. Bu ərazilərdə, xüsusən də yüksəkliklərdə yağış, tufan və dumanın tez-tez müşahidə olunması qeyri-adi deyil. Səyahət edənlər bu hava şəraitinə hazır olmalıdırlar. Ümumiyyətlə, Şahdağa səfər edərkən hava şəraitinin dəyişkənliyinə hazır olmaq faydalıdır. Çünki burada hava tez və gözlənilmədən dəyişə bilər. Dağlarda gəzintidən və ya dırmanmadan əvvəl isti paltar və yağmurluq götürmək, eləcə də hava proqnozu haqqında məlumatı əvvəlcədən öyrənmək lazımdır.