Gürcüstanda yüksək nəticələr əldə edən azərbaycanlı tələbələr mükafatlandırılıblar
Tbilisi, 20 dekabr, AZƏRTAC
Gürcüstanda təhsil alan, dövlət təqaüdünə layiq görülən azərbaycanlı tələbələrlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Gürcüstanın müxtəlif dövlət universitetlərində təhsil alan azərbaycanlı tələbələr təhsildə əldə etdikləri yüksək nailiyyətlərə görə dövlət təqaüdü ilə mükafatlandırılıblar.
Məlumata görə, 60-dan artıq soydaşımız Gürcüstan hökumətinin ayırdığı dövlət təqaüdünə layiq görülüb.
Bu münasibətlə Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) təşkilatçılığı ilə Tbilisidə, M.F. Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində görüş və mükafatlandırma mərasimi keçirilib.
GAK sədri Hüseyin Yusifov təqaüdə layiq görülən tələbələrə fəxri fərmanlar təqdim edib, onların təhsil sahəsindəki uğurlarını yüksək qiymətləndirib.
Mərasimdə çıxış edənlər gənclərin elmi və akademik nailiyyətlərinin gələcəkdə Gürcüstan–Azərbaycan əlaqələrinin inkişafına töhfə verəcəyini vurğulayıb, tələbələrə təhsillərində daha böyük uğurlar arzulayıblar.
Qeyd olunub ki, belə tədbirlər gənclərin motivasiyasına, eləcə də Gürcüstandakı azərbaycanlı icmanın təhsil sahəsində fəallığının təşviqinə xidmət edir.
Tbilisi