Gürcüstanın beynəlxalq dərəcəli Əməkdar məşqçisi: Qarabağ Azərbaycandır!
Tbilisi, 9 oktyabr, AZƏRTAC
Azərbaycanın “Qarabağ Reqbi Klubu”nun azyaşlılardan ibarət komandası Gürcüstanda səfərdədir.
AZƏRTAC xəbər verir ki, səfərin məqsədi Gürcüstanın məşhur reqbi oyunçusu Sulxan Sulxanişvilinin xatirəsinə həsr olunmuş “Reqbi festivalı”nda iştirak etməkdir.
“Qarabağ”ın yetirmələri oktyabrın 9-da “Avçala” Reqbi Stadionunda 4 oyunda güclərini sınayıblar.
Əsas məqsədi reqbi klubları, xüsusən də yeniyetmə və gənclər arasında dostluq əlaqələrini möhkəmləndirmək, reqbiyə olan marağı artırmaq və inkişaf etdirmək olan festivalda 10-dan çox komanda iştirak edib.
“Qarabağ Reqbi Klubu”nun prezidenti, beynəlxalq dərəcəli məşqçi Eldar Kərimov jurnalistlərə müsahibəsində deyib ki, azyaşlı və yeniyetmələrin idmanın bu növünə marağı getdikcə artır. Klubun azyaşlılardan ibarət komandası beynəlxalq turnirlərdə, yarışlarda və festivallarda iştirak etməklə onlar daha zəngin təcrübə qazanırlar. Azyaşlılardan ibarət komanda daha bir neçə yarışa hazırlaşır.
Gürcüstanın “Reqbi İdman Klubu”nun prezidenti Nikolas Tsikaridze jurnalistlərə müsahibəsində deyib: “Biz Azərbaycan xalqını çox sevirik. Sizə böyük hörmətim var. Komandamız artıq üç dəfə Azərbaycanda olub və bir neçə görüş keçirib. Azərbaycan klubunu da bu festivala dəvət etməklə məqsədimiz dostluq əlaqələrimizi daha da möhkəmləndirmək və inkişaf etdirməkdir”.
Azərbaycan Ordusunun Qarabağı işğaldan azad etməsinə azərbaycanlılar qədər sevindiyini vurğulayan N.Tsikaridze deyib. “Azərbaycan Ordusu torpaqları işğaldan azad etdikdən sonra “Qarabağ” klubunu Gürcüstana dəvət etməkdən qürur duyuruq. Çox sevinirəm ki, azərbaycanlı həmkarlarımız bu dəvəti qəbul edib, bizə qonaq gəldilər. Mən də azərbaycanlı dostlarımın haqq səsini müdafiə edərək deyirəm: “Qarabağ Azərbaycandır!”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi