SİYASƏT
HƏMRƏYLİK GÜNÜ “AZƏRBAYCAN - ŞƏRQİN DÜNYAYA AÇILAN QAPISI” MÖVZUSUNDA TƏDBİRLƏR KEÇİRİLƏCƏKDİR
Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə dekabrın 18-19-da “Azərbaycan - Şərqin dünyaya açılan qapısı” mövzusunda tədbirlər keçiriləcəkdir.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, dekabrın 18-də Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarı və Şəhidlər xiyabanı ziyarət edildikdən sonra “Park İNN” mehmanxanasında Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının toplantısının açılışı olacaqdır. Dünya azərbaycanlılarının II qurultayından keçən dövr ərzində görülmüş işlərlə bağlı hesabat veriləcək, qarşıda duran vəzifələr müəyyənləşdiriləcəkdir. Azərbaycan həqiqətlərinin təbliği, lobbiçilik fəaliyyəti, soydaşlarımızın yaşadıqları ölkələrdə cəmiyyətə inteqrasiyası, ictimai-siyasi proseslərdə daha fəal iştirakının təmin olunması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılacaqdır.
Toplantıda “Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası”nın layihəsi də müzakirə ediləcəkdir. Bu sənədin məqsədi Azərbaycan dövlətçiliyinin və xalqımızın maraqlarını əks etdirən prinsiplər əsasında xaricdəki soydaşlarımız arasında siyasi-iqtisadi, sosial-mənəvi birliyi formalaşdıran, diasporumuzun qarşısında duran vəzifələri özündə əks etdirən, Azərbaycançılıq ideologiyasına əsaslanan vahid konsepsiya hazırlamaqdır.
Dekabrın 19-da isə Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurası üzvlərinin dövlət strukturlarında, Milli Məclisdə, kütləvi informasiya vasitələrində, qeyri-hökumət təşkilatlarında və AMEA-da görüşləri nəzərdə tutulmuşdur.
Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurası Dünya azərbaycanlılarının I qurultayında yaradılmışdır. Şuranın 109 üzvündən 45-i xarici ölkələrdəndir.