SİYASƏT
HƏMVƏTƏNİMİZ ELBRUS ABDULLAYEV “UKRAYNANIN ƏMƏKDAR NƏQLİYYAT İŞÇİSİ” ADINA LAYİQ GÖRÜLMÜŞDÜR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, həmvətənimiz, Kiyev “Birləşmiş nəqliyyat holdinqi” Cəmiyyətinin baş direktoru Elbrus Abdullayev Ukrayna Prezidenti Viktor Yuşşenkonun imzaladığı fərmanla “Ukraynanın əməkdar nəqliyyat işçisi” fəxri adına layiq görülmüşdür.
Mükafatı E.Abdullayevə onun 60 illik yubileyi münasibətilə Kiyevdə təşkil olunmuş təntənəli tədbirdə müstəqil Ukraynanın birinci nəqliyyat naziri Orest Klimpuş təqdim etmişdir.
Ukraynanın sabiq baş naziri, hazırda isə Ali Radanın deputatı, Sənayeçilər və Sahibkarlar Partiyasının sədri Anatoli Kinax yubilyarı “Azərbaycan və Ukrayna arasında canlı dostluq körpüsü” adlandırdı.
Təntənəli mərasimdə Azərbaycanın Kiyevdəki səfiri Tələt Əliyev iştirak etmişdir.