Həştərxan vilayətinin qubernatoru azərbaycanlı qardaşları mükafatlandırmışdır
Moskva, 16 aprel (AZƏRTAC). Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin azərbaycanlı qardaşlar Orxan və Sərxan Məmmədovları, habelə onların dostu Roman Kazaçenkonu fəxri diplomlar və qol saatları ilə mükafatlandırmışdır. Xatırladaq ki, onlar iki azyaşlı uşağı və onların anasını yanğından xilas etmişlər.
Həştərxan vilayəti qubernatorunun rəsmi saytında yerləşdirilən xəbərə görə, qubernator A.Jilkin Etnokonfessional Şuranın növbəti iclasında bildirmişdir ki, Həştərxan müxtəlif millətlərin nümayəndələrinin qarşılıqlı fəaliyyət göstərmələri üçün həmişə rahat məkan olmuş və olacaqdır. Bu hadisə belə bir faktı bir daha sübut edir ki, Həştərxan vilayətində yaşayan bütün xalqlar arasında dostluq münasibətləri saxlanılır. O demişdir: “Sentyabr ayında regionda Xəzəryanı ölkələrin zirvə görüşünün keçiriləcəyini nəzərə alsaq, bu, xüsusilə vacibdir”. A.Jilkinin sözlərinə görə, bu, region üçün misli görünməmiş geosiyasi miqyaslı hadisədir. Zirvə görüşü mədəniyyətlərarası dialoqun və iqtisadiyyatın inkişafına yeni təkan verəcəkdir. A.Jilkin demişdir: “Bizim vəzifəmiz bu görüşü həmrəylik, səmimilik və dostluq ruhunda keçirməkdir. Qoy qonşularımız hiss etsinlər ki, Həştərxan vilayəti millətlərarası həmrəylik diyarıdır və biz əməkdaşlığımızı hərtərəfli genişləndirməyə hazırıq”.
Fəridə Abdullayeva
AZƏRTAC -ın xüsusi müxbiri
Moskva