Heydər Əliyev adına BNEZ-də ekoloji tədbirlər həyata keçirilir
Bakı, 22 oktyabr (AZƏRTAC). Prezident İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ilin “Ekologiya ili” elan olunması Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) idarə və müəssisələrində, o cümlədən Heydər Əliyev adına Bakı neft emalı zavodunda (BNEZ) ekoloji layihələrin geniş vüsət almasına təkan vermişdir.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, zavodda ətraf mühitin sağlamlaşdırılması, bioloji tarazlığın təmin olunması üçün istismar müddəti başa çatmış qurğular sökülür, neft və tullantılarla çirklənmiş sahələr təmizlənir və münbitləşdirilir, ərazilərdə yaşıllaşdırma işləri həyata keçirilir. Bu məqsədlə müəssisədə xüsusi komissiya yaradılmış, “Ekoloji mühitin yaxşılaşdırılması üzrə tədbirlər planı” hazırlanmışdır. Planda texnoloji proseslər nəticəsində atılan tullantı sularının tərkibindəki neft məhsullarının miqdarının minimuma endirilməsi məsələsinə xüsusi əhəmiyyət verilir.
Çirkab sulardan neft məhsullarının tutulması bir neçə mərhələdən keçir. Sonuncu mərhələdə sənaye və məişət-təsərrüfat sularının qarışığı karbohidrogenlərdən təmizlənərək aerotenklər və çökdürücülərə daxil olur və burada xüsusi eyxorniya adlı bitki vasitəsilə yenidən karbohidrogenlər lil və mexaniki qarışıqlardan təmizlənib zavodun texnoloji qurğularına qaytarılır. Qeyd etmək lazımdır ki, eyxorniya bitkisinin kökləri suda olan çirkab vasitəsilə qidalandığından suyu təmizləyir. Bu üsul Azərbaycanda ilk dəfə olaraq Heydər Əliyev adına BNEZ-də tətbiq edilmişdir.