HÜQUQ MÜDAFİƏ TƏŞKİLATLARININ TƏMSİLÇİLƏRİ ƏFV MƏSƏLƏLƏRİ KOMİSSİYASININ ÜZVLƏRİ İLƏ GÖRÜŞMÜŞLƏR
İyunun 17-də Hüquq müdafiə təşkilatlarının monitorinq qrupunun üzvləri Novella Cəfərova, Səidə Qocamanlı, Arzu Abdullayeva, Səadət Bənənyarlı, Sahib Məmmədov, Çingiz Qənizadə Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvləri - Prezidentin İcra Aparatının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, ədliyyə naziri Fikrət Məmmədov, daxili işlər naziri Ramil Usubov, Baş prokuror Zakir Qaralov, Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi Aydın Qasımov, Milli Məclisin, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri Vaqif Səmədoğlu və Bəxtiyar Əliyev, jurnalist Elmira Axundova ilə görüşmüşlər. Görüş monitorinq qrupunun təşəbbüsü ilə Milli QHT Forumunun prezidenti, Əfv Məsələləri Komissiyasının üzvü Azay Quliyevin təşkilatçılığı ilə baş tutmuşdur.
Görüşdə monitorinq qrupunun siyasi məhbuslarla bağlı tərtib etdiyi siyahı və siyahıya daxil edilən şəxslərin əfv olunması, yaxud onların məhkəmədə işlərinə yenidən baxılması məsələsi müzakirə edilmişdir. Bununla bağlı F.Ələsgərov məlumat verərək bildirmişdir ki, monitorinq qrupunun tərtib etdiyi və Əfv Məsələləri Komissiyasına göndərdiyi siyahı üzrə 30 nəfərdən çox şəxsin adları Prezidentin sonuncu əfv fərmanına daxil olunmuşdur. Görüşdə siyahıya daxil olan digər şəxslərin də məsələlərinə komissiyanın mütəmadi keçirəcəyi iclaslarda baxılması və Əfv Məsələləri Komissiyasının üzvləri ilə monitorinq qrupu arasında müntəzəm görüşlərin keçirilməsi haqqında razılıq əldə edilmişdir.
Monitorinq qrupunun üzvləri Avropa Şurasının nəzarətində olan və hazırda məhkəmələri davam edən siyasi məhbusların, habelə xəstə məhbusların məsələlərinə baxılmasının surətləndirilməsi işini xüsusi vurğulamışlar.
Görüş iştirakçıları Avropa Şurasının Azərbaycan üzrə məruzəçisi Corc Klerfaytın məruzəsi əsasında hazırlanmış qərar layihəsindən narahat olduqlarını bildirmişlər. QHT nümayəndələri layihədə əks olunan haqlı məsələlərin həllinin vacibliyini vurğulamaqla yanaşı, bəzi maddələrdə subyektivliyə və ikili standartlara yol verildiyini də qeyd etmişlər.
Söhbət zamanı QHT-lərin qeydiyyatı və seçkilərdə müşahidəçi kimi fəaliyyəti, regionlarda QHT-lərin sərbəst işləməsi ilə bağlı məsələlərə də toxunmuşlar.
Monitorinq qrupunun üzvləri ilkin siyahıdakı 716 məhbusdan 535 nəfərinin əfv olunduğunu və son əfv fərmanı ilə daha 30 nəfərdən çox məhbusun azadlığa çıxmasını müsbət dəyərləndirmiş və bunun Avropa Şurası tərəfindən nəzərə alınacağına ümid etdiklərini bildirmişlər.