ICESCO İslam ölkələrində su sahəsində yeni proqramlar həyata keçirəcək
Bakı, 10 iyul, AZƏRTAC
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) nümayəndə heyətinin Beynəlxalq Su Bankının (IWB) sədri Rəşad Şava ilə görüşündə İslam ölkələrində təmiz suya əlçatanlıq və kanalizasiya sistemlərinin təkmilləşdirilməsi məsələləri müzakirə edilib.
AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, görüşdə çıxış edən ICESCO-nun beynəlxalq tərəfdaşlıq və əməkdaşlıq sektorunun müdiri Anar Kərimov su probleminin İslam ölkələri üçün aktual olduğunu, təmsil etdiyi təşkilatın bu istiqamətdə müxtəlif proqram və layihələr həyata keçirdiyini bildirib. O əlavə edib ki, ICESCO davamlı inkişaf məqsədlərinə xidmət edən və problemlərin həllinə töhfə verən proqram və layihələrin işlənib hazırlanması və həyata keçirilməsinə böyük əhəmiyyət verir, bu proses davam edəcəkdir. Təşkilatın rəsmisi əlavə edib ki, bu məqsədlə müvafiq proqramlar, xüsusilə İslam dünyasında 1000 kənd məktəbində su və kanalizasiya xidmətlərinin təkmilləşdirilməsi üzrə layihə həyata keçirilir, O, ICESCO-nun Beynəlxalq Su Bankı ilə səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduğunu vurğulayıb.
Öz növbəsində, Rəşad Şava Beynəlxalq Su Bankının su sahəsində strategiyası və səyləri, həmçinin onun su ilə bağlı böhranların kompleks yanaşma yolu ilə həlli üçün effektiv mexanizm kimi səfərbərliyə verdiyi əhəmiyyət barədə danışaraq, rəhbərlik etdiyi qurumun ICESCO ilə sıx əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. O, Dayanıqlı İnkişaf Hədəflərinə (SDG) nail olmaq üçün ICESCO ilə birgə yeni proqramların hazırlanıb həyata keçirilməsinə hazır olduqlarını söyləyib.