İki il Sumqayıtın təmizliyinin keşiyində
Sumqayıt, 2 noyabr (AZƏRTAC). Dövlətimizin başçısı İlham Əliyevin göstərişi ilə Sumqayıta kommunal təyinatlı beş vahid avtonəqliyyat vasitəsi verilmişdir. Beləliklə, Sumqayıt Təmizlik Departamentinin avtomobil parkı xeyli genişlənmişdir. Müəssisənin fəaliyyətinin daha operativ və səmərəli olmasını təmin etmək məqsədilə bundan əvvəl şəhər üçün Yaponiya, Türkiyə və Rusiyada istehsal edilmiş 10 vahid texnika alınmışdır. “Bağlar massivi” zonasının sakinlərinə daha iki ədəd “ZİL” markalı avtomat yüklənib-boşaldılan maşın xidmət edir. Departamentin sərəncamında yeni, səliqəli zibil qabları və müxtəlif tutumlu yüzlərlə konteyner vardır.
İki il bundan əvvəl yaradılmış Sumqayıt Təmizlik Departamenti dinamik inkişaf edir. Şəhərdə tullantıların qəbul edilməsi üçün ayrılmış 232 məntəqədə 965 konteyner qoyulmuşdur.
Təmizlik Departamentinin baş direktoru Rahim Mustafayev bütün bunlar barəsində Sumqayıt Şəhər İcra Hakimiyyətində keçirilmiş iclasda məlumat vermişdir. Bununla yanaşı, Departamentin inzibati binası tikilir, müasir avtoparkın tikintisi layihələşdirilir, bu xidmətin maddi-texniki bazasının möhkəmləndirilməsi üzrə bir sıra tədbirlər həyata keçirilir.
Departament cari ilin ilk doqquz ayı ərzində bağ evlərinin sahibləri ilə 2 min müqavilə bağlamışdır. Sakinlərə 10 min manatlıq xidmət göstərilmişdir. Bu müddətdə kommersiya fəaliyyəti sahəsində müştərilərin - şəhər sahibkarlarının siyahısı da genişlənmişdir. Onların sayı 500 nəfər artmışdır. Cari ilin noyabr ayından etibarən departamentin göstərdiyi xidmətlər şəbəkəsi “Sumqayıt stansiyası” və “Tuğ zavodu” yaşayış massivlərinə də aid ediləcəkdir. Departamentin 400 nəfərə yaxın işçisi hər gün iki növbəli rejimdə işləyərək Sumqayıtın təmizliyinin keşiyini çəkir.