REGİONLAR
İllərdir Vətən deyib ağlayan gözlər bu gün qələbə sevinci ilə gülür
Naxçıvan, 22 oktyabr, AZƏRTAC
Bu gün Azərbaycan xalqı öz şanlı tarixində yeni bir səhifə açıb. Bu səhifədə Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu yeni tarix yazır. Həm də təkcə səngərdə düşmənlə mübarizə apararaq deyil, bütün siyasi təzyiqlərə də sinə gərərək yazılır bu tarix. Hər gün eşitdiyimiz qələbə sevinci ilə qəlbimizdəki Vətən həsrətindən qaysaq bağlamış yaralarımız sağalır. İllərdir Vətən deyib ağlayan gözlər bu gün qələbə sevinci ilə gülür.
AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində bu sözləri Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə II kurs tələbəsi İlahə Allahverdiyeva deyib.
O qeyd edib ki, bu gün Azərbaycan Ordusu illərdir beynəlxalq təşkilatların bərpa edə bilmədiyi ədaləti səngərdə bərpa edir. Şanlı ordumuz işğaldan azad olunan hər bir kəndimiz, hər bir şəhərimizlə bərabər illərdir tapdalanan qürurumuzu da bizə qaytarır. Düşmənin Qarabağda körpə uşaqların ah-naləsi, qız-gəlinin toxunulmuş qeyrəti, işgəncələrlə öldürülən igid oğullarımızın torpağa tökülən qanı üzərində qurmaq istədiyi qondarma rejimin barrikadalarını dağıdan ordumuz dünyaya ədalət dərsi verir. Otuz il bundan əvvəl yurdlarından didərgin düşmüş şəxslər bu gün Vətənə qayıdışın sevincini yaşayır. Xalqımız bir yumruq kimi Ali Baş Komandanın ətrafında birləşərək dünyaya birlik nümayiş etdirir. Azərbaycan otuz ildir Xocalının, Qarabağın səsini duymayan, zülmünü görüb susan dünyaya dövlət-ordu-xalq birliyinin gücünü sübut edir.
“Payız fəslində olsaq da, cəbhədən aldığımız qələbə xəbərləri ilə azadlığımızın baharını yaşayırıq. Əsən küləklər Qarabağda açan azadlıq çiçəklərinin ətrini gətirir. Ordumuzun uğurlarını görən ana təbiətdə sevinc göz yaşlarını yağış damlaları ilə yerə endirir. İslanan torpaqdan da qələbə iyi gəlir”, - deyən İlahə Allahverdiyeva bildirib ki, Təkcə Qarabağda doğulub böyüyənlər deyil, o tarixi Azərbaycan torpaqlarına heç ayaq basmayan hər bir Azərbaycan vətəndaşı həsrətin sona çatdığı o müqəddəs yerlərə getməyə, üzünü Vətən torpağına sürməyə can atır. Bu xoşbəxt günləri bizə yaşadan Prezidentimizə, Ali Baş Komandanımıza və qüdrətli ordumuza sonsuz minnətdarıq. Vətənimizin azadlığı uğrunda döyüşən əsgərlərimizin önündə ehtiramla baş əyirik. İnanırıq ki, bu gün Zəngilanda, Füzulidə, Hadrutda, Cəbrayılda, Xudafərin körpüsündə dalğalanan Azərbaycan bayrağı tezliklə başda Şuşa olmaqla, bütün işğal altında olan torpaqlarımızda dalğalanacaq! Çünki Qarabağ Azərbaycandır!