İNSAN ALVERİNƏ VƏ ZORAKILIĞA QARŞI MUBARİZƏ İLƏ BAĞLI DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Daxili İşlər Nazirliyi ilə birlikdə “İnsan alverinə və zorakılığa qarşı mübarizə: problemlər və perspektivlər” mövzusunda dəyirmi masa keçirmişdir.
Tədbirə deputatlar, dövlət orqanlarının numayəndələri qatılmıslar.
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, E.Süleymanova ölkəmizin Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmis İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planında qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı halları ilə mübarizənin gücləndirilməsinin, bu sahədə geniş maarifləndirmə işinin təşkilinin əhəmiyyətini qeyd etmişdir. O, “Transmilli mütəşəkkil cinayətkarlığa qarsı” Konvensiyaya “İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması” haqqında Protokoldan irəli gələn öhdəliklərin yerinə yetirilməsi üzrə tədbirlərin həyata keçirilməsinin zəruriliyini vurğulamışdır.
Milli Məclisin deputatı, AŞPA-da Azərbaycan Parlament qrupunun üzvü Elmira Axundova respublikamızın hələ 1995-ci ildə BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında” Konvensiyanı ratifikasiya etdiyini, üzərinə bir sıra mühüm öhdəliklər götürdüyünü vurğulamış, AŞPA-nın insan alverinə qarşı mübarizə ilə bağlı qəbul etdiyi sənədlər barədə məlumat vermişdir.
Tədbirdə Nazirlər Kabineti şöbə müdirinin müavini R.İbrahimbəyovanın və Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə İdarəsi rəisinin müavini İ.Nəcəfovun məruzələri dinlənilmişdir.
Yığıncaqda mövzu ilə bağlı müzakirələr aparılmış, bir sıra təkliflər irəli sürülmüşdür.