COP29
İqlim dəyişikliyinin transsərhəd su idarəçiliyinə təsiri məsələləri müzakirə edilib
Bakı, 4 oktyabr, AZƏRTAC
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində “İqlim fəaliyyəti üçün tədqiqat və əməkdaşlığın sürətləndirilməsi” mövzusunda Bakı İqlim Elmi Konfransı panel iclasları ilə davam edir.
AZƏRTAC xəbər verir ki, Bakı Dövlət Universitetinin rəqəmsallaşma və informasiya texnologiyaları üzrə rektor müşaviri Şəbnəm Səfərovanın moderatorluğu ilə keçirilən panel iclasında “İqlim dəyişikliyinin və paradiqma dəyişikliklərinin transsərhəd su idarəçiliyinə təsiri” mövzusunda müzakirə aparılıb.
Paneldə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Elm və innovasiyalar sektorunun müdiri Əliağa Əzizov iqlim dəyişikliyinin hər ölkədə özünü fərqli göstərdiyinə diqqət çəkib: “Ölkələr arasında strateji plan olmalıdır. Birgə əməkdaşlıq tənzimlənməlidir. Su diplomatiyası bu sahədə tutarlı istiqamətdir. Bu, yerli icmalar və ya hökumətlər arasında ola bilər. Eyni zamanda, mütəxəssislər və ekspertlərin iştirakı ilə qərarlar qəbul olunmalıdır”.
“Boston Consulting Group”un idarəedici direktoru Anton Aristov vurğulayıb ki, dünyanın bir sıra ərazilərində orta temperatur 1.5 dərəcəni aşıb: “Belə davam edərsə, dünyada istiləşmə 2050-ci ilə qədər 2.5-3 dərəcəyə qədər yüksələ bilər. Bu da əriyən buzlara, buzlaqlara təsir edəcək. Son 50 ildə Tyanşan dağlarındakı buzlaqların 30 faizi əriyib. 2050-ci ilə qədər isə artıq həmin itki 40 faizə yüksələcək.
Bakı Dövlət Universitetinin Mükəmməllik Mərkəzinin nümayəndəsi Aygün İsrayilova qeyd edib ki, su resurslarını idarəetmə məsələsində problemlər kifayət qədərdir: “Vəziyyət belə davam edərsə, 2050-ci ilə qədər problem daha da ağırlaşacaq. Kəmiyyət və keyfiyyət ölçülərinə baxmalı, məlumatları emal edib digər dövlətlərlə təcrübə mübadiləsi aparmalıyıq”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov problemin həlli üçün ölkələri bir araya gəlməyə səsləyib: “Sərhədyanı su hövzəsi daha çox əməkdaşlıq tələb edir. Yaranan problemlərin səbəbləri ilə bağlı ciddi araşdırmalar aparılmalıdır”.
Panel iclası müzakirələrlə davam edib.