İstanbulda Azərbaycan Prezidenti seçkilərinə səsvermə qanun pozuntusu olmadan başa çatıb
İstanbul, 11 aprel, AZƏRTAC
Aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkiləri ilə əlaqədar ölkəmizin İstanbuldakı baş konsulluğunda fəaliyyət göstərən 17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə 53 saylı məntəqədə səsvermə yüksək seçici fəallığı ilə başa çatıb.
AZƏRTAC xəbər verir ki, səsvermə Ankara vaxtı ilə saat 8.00-dan 19.00-dək keçirilib.
Səsvermə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarına, Seçki Məcəlləsinə, eləcə də Mərkəzi Seçki Komissiyasının bütün tələblərinə uyğun aparılıb. Seçki prosesinə müdaxilə halı qeyd olunmayıb, seçicilər tərəfindən heç bir şikayət daxil olmayıb. KİV nümayəndələrinin fəaliyyət hüquqları tam şəkildə təmin edilib.
Burada Türkiyənin İstanbul, Bursa, İzmir, Antalya və baş konsulluğumuzun fəaliyyət dairəsində olan digər bölgələrdən gələn seçicilər səs veriblər. Məntəqə Seçki Komissiyasından verilən məlumata görə, vətəndaşlarımızın 79 faizi səsvermədə iştirak edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul