İZVESTİYA - AZƏRBAYCAN - TEMATİK ƏLAVƏ
Ölkədə aparılan islahatların nəticələri son dörd ildə, nəhayət, özünü büruzə verməyə başlamışdır. İqtisadiyyat həqiqətən sabitləşmiş və yaxşı artım sürəti götürmüşdür. Bu, bazarın bir sıra seqmentlərində də özünü göstərir. O cümlədən də aqrar və tikinti seqmentlərində. Yerli sahibkarların daxili bazara qoyduqları sərmayələr və təkrar sərmayələr artır. Bu, ölkə iqtisadiyyatının etibarlılığının, bir növ, göstəricisidir.
Azərbaycanın apardığı islahatlar xəttini onun strateji tərəfdaşları tam dəstəkləyirlər. İlham Əliyevin Baş nazir təyin olunması münasibətilə bir çox xarici ölkələrin rəhbərlərindən, ABŞ Prezidenti Corc Buşdan təbriklər alınması hər şeyi yerbəyer etmişdir. Azərbaycan Baş nazirinin Vaşinqtonda, Dövlət Departamentində dövlət katibinin birinci müavini Armitac ilə bu yaxınlardakı görüşü də çox mehribanlıq və səmimilik şəraitində keçmişdir.
Bu siyasi jestlər təsadüfi deyildir. Onlar protokol naminə nəzakət xarakteri daşımır. Bu, tərəfdaşlar arasındakı etimadın səviyyəsidir. Ölkəyə etimadın səviyyəsidir. Hətta dəstəkdir.
Şübhəsiz ki, bütün bunlar Azərbaycanın daxilində nəzərdən qaçmır. Müxalifət seçkilər ərəfəsində dərin şaşqınlıq içindədir. Öz sıralarını sıx birləşdirmək cəhdlərinə baxmayaraq, müxalifət partiyalarının eyni iddialı rəhbərləri, çətin ki, bir şeyə nail olsunlar. Müxalifət liderlərinin London görüşü seçkilərin ikinci turu elan ediləcəyi təqdirdə, vahid namizədin mümkünlüyü barədə bəyannamədən savayı, əslində, heç nə verməmişdir. Onların özləri də bunun belə olacağına az inanırlar.
Bu bir yana, belə xəbərlər var ki, müxalifətin bəzi nümayəndələri iqtidarla “konstruktiv əməkdaşlıq” üçün artıq indinin özündə zəmin axtarmağa başlayırlar.
Əgər axıradək obyektiv olsaq, onda deməliyik ki, siyasi ehtiraslar hərdən yalnız Bakıda qızışır. Paytaxtın hüdudlarından kənarda həyat öz adi axarı ilə gedir. Deyəsən, qanlı-qadalı illərin və aclıq illərinin bütün sınaqlarından sonra insanlar öz seçimini sağlam düşüncənin xeyrinə artıq çoxdan etmişlər. Keçmiş haqsız-hüquqsuz kolxozçular olan indiki xüsusi torpaq sahibləri də kənd yerlərində işini-gücünü atıb mitinqlərə qaçan deyillər. Torpaq və çörək artıq onların öz ixtiyarındadır.
Azərbaycanda iqtisadi vəziyyət başqa cürdür. Elə Azərbaycanın özü də başqa cürdür. İnsanların mentaliteti gözgörə dəyişir. Quruca şüarlarla onların qəlbinə yol tapmaq və rəğbətini qazanmaq daha mümkün deyildir.
ALİ HAKİMİYYƏTƏ KİMLƏR İDDİA EDİR
Mərkəzi Seçki Komissiyası 12 namizəd qeydə almışdır
Bu, qüvvələrin qəti nisbəti deməkdirmi? Bu gün üçün - bəli. Seçkilərə hələ ay yarım qalır. Ona görə də seçkiqabağı mübarizənin gedişində müxtəlif cür yerdəyişmələr ola bilər. Alyanslar yaradılması, seçicilərin potensial səslərinin bu və ya digər namizədin xeyrinə güzəştə gedilməsi də istisna deyildir.
Qeydə alınmışlar:
1. Heydər ƏLİYEV, Azərbaycan Prezidenti (Yeni Azərbaycan Partiyası)
2. İlham ƏLİYEV, Baş nazir (Yeni Azərbaycan Partiyası)
3. Etibar MƏMMƏDOV (AMİP)
4. İsa QƏMBƏR (Müsavat Partiyası)
5. Əli KƏRİMLİ (AXCP)
6. Sabir RÜSTƏMXANLI (Vətəndaş Həmrəyliyi Partiyası)
7. İlyas İSMAYILOV (Ədalət Partiyası)
8. Lalə-Şövkət HACIYEVA (Azərbaycan Liberal Partiyası)
9. Hafiz HACIYEV (Müasir Müsavat Partiyası)
10.Qüdrət HƏSƏNQULİYEV (Xalq Cəbhəsi Partiyası)
10. Abutalıb SƏMƏDOV (Azərbaycan Naminə Alyans Partiyası)
11. Yunus ƏLİYEV (Oğuz) (Milli Vəhdət Partiyası)
Seçicinin nəzərinə
Əvvəlki seçkilər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə tarixi qayıdışından sonra ölkədə 1995-ci və 2000-ci illərdə parlament seçkiləri, 1998-ci ildə prezident seçkiləri, 2002-ci ildə Konstitusiyaya dəyişikliklər edilməsinə dair referendum keçirilmişdir.
Nə qədər səs toplamaq lazımdır Yeni Seçki Məcəlləsinə görə, prezident vəzifəsinə öz namizədliyini irəli sürmək üçün 45 min imza toplamaq lazımdır. İmzaların bir hissəsi etibarsız sayılsa, onda girov qoymaq gərəkdir. Bu, dollar ekvivalenti ilə götürdükdə təxminən 8 min edir. Çoxları bunu olduqca liberal hesab edir. Amma opponentlər təkid edərək, dəlil-sübut kimi minimum əmək haqqının məbləğini misal göstərirlər.
2003-cü ilin seçkilərində texniki yeniliklər Azərbaycanda seçicilər ilk dəfə olaraq öz bülletenlərini səsvermə üçün şəffaf qutulara atacaqlar. Bu sırf texniki yenilik də hər cür pozuntulara qarşı təminat verəcəkdir. Seçki günü ərzində müşahidəçilər qutuların dolub-dolmadığını izləmək, deməli, seçicilərin fəallığını obyektiv qiymətləndirmək imkanına malik olacaqlar. Başqa bir yenilik isə budur ki, bülletenlər qutuya salınmazdan əvvəl hökmən zərfin içinə qoyulmalıdır. Bu tədbir uçota alınmamış seçki blanklarının qutuya dəstə-dəstə atılmamasına təminat verəcəkdir.
Daha bir yenilik - hər bir seçki bülleteninin nömrələnmiş kəsmə küncü olacaq və o, bülleten qutuya salınmazdan əvvəl kəsilməlidir. Bu, faktiki olaraq, nə qədər adamın səs verdiyini kəsilmiş talonların nömrələrinə əsasən müəyyənləşdirməyə və səs vermiş seçicilərin sayını qutuya atılmış bülletenlərin sayı ilə müqayisə etməyə imkan yaradacaqdır.
GƏNCLƏR ARASINDA SORĞUNUN NƏTİCƏLƏRİ
“Prezident seçkiləri - 2003” iqtidaryönlü gənclər hərəkatı bakılılar arasında aparılmış sosioloji sorğunun nəticələrini açıqlamışdır. “Trend” agentliyinin verdiyi xəbərə görə, hərəkatın sədri Zaur Adıgözəlov bildirmişdir ki, sorğu iyulun 10-dan avqustun 10-dək paytaxtın müxtəlif rayonlarında aparılmış və “Siz oktyabrın 15-də seçkilərdə prezidentliyə namizədlərdən kimi dəstəkləyəcəksiniz?” sualına 18 yaşından 35 yaşınadək olan cəmi 1192 adam cavab vermişdir.
Sorğunun yekunlarına görə, birinci yeri 55,21 faizlə Baş nazir İlham Əliyev tutmuşdur. Sonrakı yerlərdə İsa Qəmbər (13,51 faiz), Etibar Məmmədov (8,81 faiz), Əli Kərimli (6,79 faiz), Lalə-Şövkət (4,69 faiz), İlyas İsmayılov (3,10 faiz), Sabir Rüstəmxanlı (2,01 faiz) və Qüdrət Həsənquliyev (1,01 faiz) gəlir. Qalan 8 namizəd bir faizlik həddi keçə bilməmişdir. Bununla yanaşı, sorğu iştirakçılarının 3,10 faizi ölkə prezidentliyinə namizədlərdən heç birinə səs verməmişdir. Z.Adıgözəlov bildirmişdir ki, ölkənin 38 gənclər təşkilatı “Prezident seçkiləri - 2003” hərəkatının iştirakçısıdır. O demişdir ki, bu sosioloji sorğu İlham Əliyevin ölkə gəncləri arasında yüksək nüfuza malik olduğuna əyani misaldır. Z.Adıgözəlov demişdir: “Xalq Azərbaycan Prezidentinin xəttinə inanır və İlham Əliyev bu xəttin dönməz tərəfdarıdır”.
Qeyd etmək lazımdır ki, bu sorğuda Prezident Heydər Əliyev siyahıya daxil edilməmişdi.
QEYRİ-ADİ TƏRCÜMEYİ-HALI OLAN İNSAN
İnsanın nəsil tarixinin və möhkəm soy köklərinin olması yaxşıdır. Lakin nəsil tarixindən əlavə, onun özünün kamil tərcümeyi-halının olması daha yaxşıdır. İlham Heydər oğlu Əliyevin şəxsiyyətində çox gözəl uzlaşan məhz bu iki dəyərli cəhət onun Azərbaycanın Baş naziri vəzifəsinə təyin edilməsinin təkcə öz respublikasının daxilində deyil, həm də yaxın və uzaq xaricdə nikbinliklə qarşılanmasına səbəb olmuşdur.
Elmira AXUNDOVA,
yazıçı-publisist
Bəli, müxtəlif rəylərə və prezidentin oğlunun əhəmiyyətinə görə ikinci rəhbər vəzifəyə təyin olunmasını beynəlxalq birliyin qəbul etməyəcəyi barədə müxalifət cəbhəsindən eşidilən saqındırıcı şübhələrin əksinə olaraq, bu xəbəri dünyada aşkar rəğbətlə qarşıladılar. Azərbaycanın əsas coğrafi-siyasi müttəfiqləri, onların ardınca isə digər nüfuzlu dövlətlər də birmənalı şəkildə nümayiş etdirdilər ki, məhz Heydər Əliyevin və onun komandasının bütün son illər ərzində apardıqları siyasətin davam etdirilməsində maraqlıdırlar.
Məlum oldu ki, İlham Əliyevin fəaliyyətdəki prezidentin oğlu olması faktı regiondakı əsas coğrafi-siyasi oyunçular üçün və çoxsaylı əcnəbi sərmayəçilər üçün ikinci dərəcəli əhəmiyyətə malikdir.
Onlar üçün müəyyənedici amil Azərbaycanın siyasi və iqtisadi xəttinin varisliyidir. Elə varislik ki, bunu onlara inandırmağa və onu təmtəraqla bəyan etməyə ehtiyac yoxdur, çünki bunsuz da məlumdur. O ki qaldı milli radikal müxalifətin liderlərinin çox sevdikləri Qərbin yeni Baş nazirin namizədliyini nə üçün birmənalı şəkildə dəstəkləməsi sualına cavab axtarmasına, onların öz populist bəyanatlarını xatırlaması pis olmazdı: baxın, biz hakimiyyətə gələndən sonra hamıya göstərərik. Müqavilələrə də təzədən baxacağıq, sərmayələri də araşdıracağıq. İndi müxalifətçilərdən bəziləri (elə həmin İsa Qəmbər, yaxud Əli Kərimov) öz imicini xilas etməyə çalışır, mətbuat konfranslarında bəyan edirlər ki, onlar heç bir müqaviləyə və sazişə yenidən baxmaq fikrində deyillər və hakimiyyətə gəlsələr, qoy, əcnəbi sərmayəçilər heç nədən narahat olmasınlar. Yox, artıq çox gecdir! İndi boğazdan yuxarı deyilən belə sözləri, olsa-olsa, seçkiqabağı vədlər kimi qəbul edirlər ki, bunlar da, demək olar, heç vaxt yerinə yetirilmir.
Lakin belə iddia etmək düz olmazdı ki, yeni Baş nazirin namizədliyinin ABŞ, Türkiyə və ya Rusiya tərəfindən dəstəklənməsinin yeganə səbəbi onların yalnız öz siyasi-maliyyə mənafeləri olmuşdur. İqtidar partiyasından yeni nəslin parlaq namizədi olan İlham Əliyevin özünün şəxsiyyəti heç də az əhəmiyyətli amil deyildir. Bu şəxsiyyət nəinki xaricdə, həm də ölkəmizdəki elektorat arasında idiosinkraziya doğurmur. Onun şəksiz və danılmaz məşhurluğunun həqiqi səbəblərini yeni Baş nazirin təsdiq olunduğu gün deputat Sirus Təbrizli parlament üzvlərinə çox obrazlı şəkildə xatırladaraq demişdir: “İlham siyasət Olimpinin zirvəsinə turist kimi qalxa bilərdi, amma bu zirvəni peşəkar alpinist kimi fəth etməyi üstün tutdu”.
Bütün bu illər ərzində müxalifət təbliğatının əsas stereotiplərindən biri belə bir tezis olmuşdur ki, Heydər Əliyev hakimiyyətdə olduğu otuz ildə özünə layiqli varis hazırlamamışdır. Əvvəla, otuz ildə yox, çünki sovet dövründə bu işlə məşğul olmaq tamamilə mənasız və hətta qorxulu idi. Hazırlasan da, hazırlamasan da, fərqi yoxdur, onsuz da “birinci şəxs” Moskvanın bu vəzifədə görmək istədiyi adam olasıdır. Heydər Əliyev hakimiyyətə ikinci qayıdışından sonra öz komandasının gənc və perspektivli üzvlərinə diqqətlə göz qoymağa başladı. O cümlədən də İlhama.
Oğul Əliyevin bir peşəkar kimi və bir insan kimi kamillik sınağından çıxması hamının gözü qarşısında keçdi, özü də qohumluq əlaqələrinə görə nə üzgörənlik edildi, nə də güzəştə gedildi. İlham Heydər oğlunun dostlarının da, bədxahlarının da onun vəzifə karyerasının gedişini müşahidə etmək imkanı olmuşdur. Bu gün əcnəbi və ölkəmizdəki ekspertlərin əksəriyyəti, hətta indiki hakimiyyətə həddən artıq loyallığı ilə fərqlənməyənlər etiraf etməyə məcburdurlar ki, İlham Əliyev “peşə yararlığı” imtahanını “əla” qiymətlə vermişdir.
Mən 42 yaşlı siyasətçinin sanballı xidmət siyahısındakıları sadalamayacağam, çünki təkrar edirəm, onun bütün fəaliyyəti gözlərimiz qarşısında keçmişdir. Başlıcası mənim üçün aşkardır: ötən illər ərzində xaricdə ancaq öz mənafelərinin lobbiləşdirilməsi ilə məşğul olan və “insan hüquqlarının kütləvi surətdə pozulduğu”, “demokratiyanın boğulduğu” barədə uydurmalarla beynəlxalq icitimaiyyəti daim car çəkib Azərbaycanın bədxahlarının sayını artıran müxalifətin liderlərinin əksəriyyətindən fərqli olaraq, İlham Əliyev hətta ən qatı düşmənləri və bədxahları belə öz ölkəsinin dostlarına çevirməyi üstün tutmuşdur.
Açıqlıq və ünsiyyətçilik, diplomatiyanın əsaslarına bələd olması və ingilis dilini səlis bilməsi (işgüzar tərəfdaşla tərcüməçisiz danışmaq bacarığı istər Qərbdə, istərsə də Şərqdə yüksək qiymətləndirilir) ona dünyanın ən nüfuzlu dövlətlərinin işgüzar və maliyyə dairələrində çoxlu şəxsi əlaqələr, dostluq münasibətləri yaratmağa imkan vermişdir. Nəticədə isə bütün bu əlaqələr və münasibətlər milli iqtisadiyyatın müxtəlif sahələrinə sərmayələr axınına kömək etmişdir. Milli iqtisadiyyatımız isə, müstəqil ekspertlərin fikrincə, indi ən sabit və dinamik inkişaf edən iqtisadiyyatlardan biridir.
Bir sözlə, İlham Əliyev özünü siyasətdə, iqtisadiyyatda, diplomatiyada, ictimai fəaliyyətdə həqiqətən göstərdikdən və bütün dünyada müstəqil siyasi sima kimi qəbul olunmağa başlandıqdan sonra Azərbaycan Prezidenti onu belə yüksək dövlət vəzifəsinə təqdim etməyi mümkün bilmişdir.
Məhz bu, çoxlarının dövlət idarəçiliyi sahəsində “Əliyev məktəbi” adlandırdıqları tarixi fenomenin təzahürüdür. Peşəkarı irəli çəkmək, lazımi sahəyə və lazımi vaxtda təyin etmək. O ki qaldı müxalifət liderlərinin mətbuat konfranslarında və müxalif kütləvi informasiya vasitələrinin səhifələrində yeni Baş nazirin ünvanına söylənilən nəzakətsiz və ədalətsiz ittihamlara, bu cür çirkab ancaq ikrah və əks reaksiya doğurur.
İlham Əliyevin ilk müsahibələri və açıq çıxışları onun sanballı siyasi-diplomatik potensiala malik olduğunu nümayiş etdirdi. O, öz rəylərində ehtiyatlı və təmkinlidir, ölçüb-biçmədən, götür-qoy etmədən addım atmır. Müxalifətdən fərqli olaraq, populist, heç nəyə vadar etməyən vədləri sağa- sola səpələmir. Öz komandasının olmadığı və Heydər Əliyevin başladığı xətti indiki kadrlara arxalanaraq davam etdirəcəyi barədə bəyanatları da çox praqmatik və uzaqgörəndir. Halbuki, Azərbaycanda real vəziyyətlə az-çox tanış olan hər hansı bir adama məlumdur ki, bu bəyanatlar indiki vaxtın tələbindən irəli gəlir və onlara birmənalı yanaşılmamalıdır.
Yeni işgüzar və siyasi elitanın, maliyyə elitasının respublikanın hakimiyyət strukturlarına axını nə dünən başlamışdır, nə də bu gün. Gənc peşəkarlar nəyə qadir olduqlarını bir çox nazirliklərdə, bir çox yüksək vəzifələrdə artıq nümayiş etdirmişlər. Onların çoxu Qərbin nüfuzlu ali məktəblərində təhsil almış və xaricdə əməli iş təcrübəsi toplamışdır.
Yeni Baş nazirin açıq çıxışları və müsahibələri İlham Əliyevin xarakterində daha bir cəlbedici keyfiyyəti – onun əsl ziyalılığını göstərir. Prezidentin, Baş nazirin ünvanına təhqiramiz ifadələr yağdırmağı özlərinə sanki peşə seçmiş müxalifətdən və ona məxsus kütləvi informasiya vasitələrindən fərqli olaraq, İlham Əliyev öz opponentlərinin söylədiklərinə ən az vaxt və diqqət verir, o da ki ancaq jurnalistlər onu bu mövzuda söhbətə çəkəndə. Zənnimcə, müxalifətdən prezidentliyə namizədlər İlham Əliyevin çox dəyərli bir məsləhətinə qulaq assalar, yaxşı olardı: “Yaxşısı budur, qoy onlar qüvvələrini öz təbliğatı üzərində cəmləşdirsinlər”.
Ölkəmizdəki nasional demokratiya nümayəndələrinə Yucin Makkartinin belə bir kəlamını bilmək pis olmazdı: “Seçkiqabağı kampaniya zamanı seçicilərin yadda saxlaya biləcəyi sözləri söyləmək təhlükəlidir”. Bütövlükdə xalq onun rəhbəri adlanmaq kimi görünməmiş bir cəsarəti öz üzərinə götürməyə hazır olan kəsdən, hər halda, daha ağıllıdır.
SEÇKİQABAĞI ANKET
1. İndiki seçki kampaniyasına münasibətiniz necədir?
2. Prezidentliyə namizədlərin çıxışlarını izləyirsinizmi? Onların fikirləri barədə təəssüratınız?
3. Prezidentliyə namizədlərin imkanlarını necə qiymətləndirirsiniz?
4. Azərbaycanın tarixinin son 10 ili haqqında nə deyə bilərsiniz?
FİDAN QASIMOVA, SSRİ xalq artisti, M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Bakı Musiqi Akademiyasının professoru:
1. Qarşıdakı yeni dövlət başçısı seçkiləri Azərbaycanın həyatında son dərəcə mühüm, bəlkə də, hətta başlıca hadisədir, çünki bir çox illər bundan sonra ölkənin və xalqın taleyi onun yekunlarından asılı olacaqdır. Mənim bu sözlərimdə mübaliğə yoxdur, ona görə ki, biz prezident seçməklə özümüzün gələcək inkişaf yolumuzu da seçirik. Sabitlik və inkişaf xəttinin saxlanılıb-saxlanılmayacağı, yaxud 10 il əvvəl yaşadığımız hərc-mərcliyin və anarxiyanın bizi yenidən gözləyib-gözləməyəcəyi öz seçimimizdən asılı olacaqdır. Zənnimcə, indi bunu hər kəs başa düşür.
2. Əlbəttə, mən prezidentliyə namizədlərin çıxışlarını çox diqqətlə izləyirəm, hərçənd öz seçimimi artıq çoxdan etmişəm. Onları nə qədər çox dinləyirəmsə, bir o qədər yəqin edirəm ki, seçimim tamamilə düzgündür. Etiraf etməliyəm ki, onların əksəriyyətinin çıxışları məyusluq hissi doğurur. Təəssüf ki, ötən 10 ildə müxalifətdə olan gənc siyasətçilər, deyəsən, çox da dəyişməmişlər. Elə eyni, çoxlu populizm və əsassız tənqidlər olan nitqlərdir.
3. Deyə bilmərəm ki, namizədlərin əksəriyyətinin platforması ilə çox yaxından tanışam, amma onların mətbuat və televiziyadakı çıxışlarına əsaslansaq, az-çox əhəmiyyətli bir fərq olduğunu görmək çətindir. İnanmıram ki, onlar Heydər Əliyevə qarşı – onun şəxsiyyətinin miqyasına, apardığı siyasətin artıq göz qabağında olan nəticələrinə qarşı nə isə bir şey çıxara bilsinlər. Bütün bunlar o qədər aşkardır ki, seçkilərin nəticələri, vətəndaşlarımızın əksəriyyəti kimi, məndə də şübhə doğurmur.
4. Son 10 ilin nailiyyətləri haqqında çoxcildlik əsərlər yazıla bilər və əminəm ki, hökmən yazılacaqdır. Mən yalnız başlıca məsələni - qalan bütün uğurların da əsasını təşkil etmiş sahibliyi xatırladacağam. Sabitlik həmişə, istənilən cəmiyyətdə qiymətlidir. Bizim üçün isə qat-qat qiymətlidir, çünki o, bir neçə il davam etmiş, bizim hamımız üçün az qala əsl fəlakətə çevriləcək dəhşətli iflasdan və qarşıdurmadan sonra əldə olunmuşdur. O günlərin müsibətlərini unutmaq qeyri-mümkündür.
KAMAL ABDULLAYEV, Bakı Slavyan Universitetinin rektoru, professor:
1. Çox normal, son on ildə dirçəldilməyə başlayan demokratik ənənələr ruhunda baxıram. Amma bununla yanaşı, nöqsanlar, “uşaq xəstəlikləri”, demokratiya oyunları da göz qabağındadır.
2. Prezidentliyə namizədlərin çıxışları yenicə başlamışdır. Lakin onların əksəriyyəti elektorata tanışdır. Zənnimcə, ən başlıca məqam bundan ibarətdir ki, açıq çıxışlar onların intellektual, siyasi səviyyələrindəki fərqi əyani surətdə nümayiş etdirir. Bir çox çıxışlar açıq-aşkar populist xarakter daşıyır, onların müəllifləri nəzərə almır ki, cəmiyyət dəyişmişdir, sözün yaxşı mənasında, daha mühafizəkar olmuşdur və yoxlanılmış insanlara və zamanın sınaqlarından çıxmış dəyərlərə inanır.
3. Burada iki fikir ola bilməz. Millətin və yeni Azərbaycan dövlətinin lideri, şübhəsiz, Heydər Əliyevdir. Onun üstünlükləri o dərəcədə aşkardır, əhalinin ən müxtəlif təbəqələri arasında nüfuzu o qədər güclüdür ki, bu gün heç kim ona rəqib olmağa qadir deyildir.
4. Qarabağ problemini, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinin işğal olunduğunu bir an belə unutmayaraq, son 10 ildə biz hər şey edirik ki, xalqımız bir çox sosial problemləri uğurla həll edə və keçid dövrünün məşəqqətlərini aradan qaldıra bilsin. Bu 10 ildə Azərbaycan dünya iqtisadi təsərrüfatına, dünya siyasi sisteminə uğurla inteqrasiya olmağa başlamışdır və bunu davam etdirir, suveren dövlət kimi beynəlxalq miqyaslı bir çox proqram və layihələrdə fəal iştirak edir. Bu isə kiçik respublikamız üçün heç də az deyil və bizdə layiqli gələcəyə ümid doğurur.
RƏQƏMLƏR VƏ FAKTLAR
“Milli birlik” təşəbbüs qrupu tərəfindən prezidentliyə namizəd irəli sürülmüş Lalə-Şövkət Hacıyevanın 2002-ci il iyunun 18-dən 2003-cü il iyunun 18-dək heç bir gəliri olmamışdır. Namizədin şəxsi mülkiyyətində Bakıda sahəsi 35 kvadratmetr, Moskvada sahəsi 32,2 kvadratmetr olan iki mənzili vardır. Lalə-Şövkət Hacıyevanın xeyrinə təqdim edilmiş 50 605 imzadan 43 811-i etibarlı sayılmışdır. MSK 10 səs “əleyhinə” və 5 səs “lehinə” olmaqla, Hacıyevanın namizədliyini qeydə almaqdan imtina etmişdi. Lakin namizəd MSK-nın hesabına 165 milyon manat mədləğində depozit köçürmüşdür.
X X X
MSK-nın katibi V.Mahmudov prezident vəzifəsinə namizəd Sabir Rüstəmxanlının mülkiyyəti kimi 159,5 kvadratmetr sahəsi olan mənzili, Şamaxı rayonunda 46,5 kvadratmetr sahəsi olan bağ evini, 127,1 kvadratmetr sahəsi olan yaradıcılıq emalatxanasını, “Mersedes” və “Nissan Maksima” markalı iki avtomobili sadalamışdır. Onun sənədləri E.Məmmədovdan sonra müzakirə olunmuşdur. 2002-ci ildə deputat S. Rüstəmxanlı 18 417 368 manat, 2003-cü ilin əvvəlindən isə 14 100 000 manat qazanmışdır. VHP-nin lideri MSK-ya 50 350 imza təqdim etmiş, lakin onların 11 527-si etibarsız sayılmışdır. Beləliklə, S.Rüstəmxanlının komandasının topladığı imzalar arzu olunan “45 minə” (qeydə alınmaq üçün məhz bu qədər imza lazımdır) çatmamışdır. Lakin VHP-nin lideri belə haldan özünü sığorta edərək, MSK-nın hesabına 165 milyon manat məbləğində pul depoziti köçürmüşdür.
AZƏRBAYCAN TEMATİK ƏLAVƏ AZƏRBAYCAN
İş elə gətirmişdir ki, Azərbaycanda üç böyük və əhəmiyyətli sənaye şəhəri vardır - Bakı, Sumqayıt və Gəncə. Adi şəhər olan Sumqayıt ötən əsrin 70-ci illərində ümumittifaq gənclər tikintisinə çevrildi, böyüdü və bir müddətdən sonra SSRİ-nin kimya sənayesi mərkəzlərindən biri oldu. İttifaq dağıldıqdan sonra hər şey - istehsal da, kooperasiya əlaqələri də, satış bazarları da yox oldu. Müstəqilliyin ilk illərində respublika iqtisadiyyatında yaranmış durğunluq, siyasi qeyri-sabitlik şəhəri sanki ölümə məhkum etdi. Sovet İttifaqının artıq mövcud olmadığı şəraitdə bu sənaye nəhəngini tamamilə bərpa etməyə Azərbaycanın prinsipcə ehtiyacı yoxdur. İqtisadiyyatın və bazarın qanunları belədir. Məsələ başqa cür dururdu – minimal itkilərlə bu irsi yeni reallığa necə uyğunlaşdırmalı. İndi bu iş gedir.
Şəhər yavaş-yavaş canlanmağa başlayır. Bəzi istehsal sahələri fəaliyyətə başlayır. Artıq dövlət həm iqtisadi, həm də sosial sahəni bərpa etmək üçün vəsait ayırmaq iqtidarındadır. Şəhərə kömək etməyi özünün borcu hesab edən adamlar da tapıldı. Onlar yeni məktəblərin tikintisinə sponsorluq edir və köhnələrin əsaslı təmiri üçün vəsait ayırır, uşaq bağçalarını qaydaya salırlar.
Sumqayıtla müqayisədə Gəncənin də problemləri az deyildir. Lakin bu problemlərin miqyası bir qədər fərqlənir.
Beləliklə, bu gün Azərbaycanın iki şəhərində - Gəncədə və Sumqayıtda nə baş verir?
QƏDİM GƏNCƏ:
SU, İŞIQ, İSTİLİK YENƏ VAR
TARİX. Əsası V əsrdə qoyulmuş şəhər sovet dövründə, 1935-ci ildə Kirovabad adlandırıldı. Ona Rusiyanın ucqar şimalındakı Vyatka deyilən bir şəhərin yetimxanasında böyümüş adi bir oğlanın adı verildi. Urjum şəhər peşə məktəbinin məzunu olan bu oğlan sonradan Tomska köçüb bolşeviklərə qoşuldu. Sonrası isə məlumdur. 1919-cu ilin yanvarından Orconikidze ilə birgə 11-ci ordunun Qafqaza hücumuna rəhbərlik edir. MK-nın Qafqazla bağlı olmayan bir sıra tapşırıqlarını yerinə yetirdikdən sonra yenidən Bakıya gəlir və 1921-ci ildə Azərbaycan Kommunist Partiyası MK-nın katibi olur. Etiraf etmək lazımdır ki, Azərbaycan qarşısında yeganə xidməti onun aktiv fəaliyyətinin neft sənayesinin sürətlə bərpasına kömək etməsi olmuşdur. 1926-cı ildə o, Leninqrada köçmüşdür.
1804-1918-ci illərdə Gəncə Yelizavetpol adlanırdı. 1918-1935-ci illərdə isə Gəncə.
SƏNAYE POTENSİALI. Şəhər son on illiklər ərzində iki istiqamətdə inkişaf etmişdir: yüngül və ağır sənaye. Toxuculuq və xalça kombinatları, pambıqtəmizləmə zavodu, yeyinti sənayesi istehsalı. Yerli yataqlar alüminium sənayesinin inkişafı üçün baza yaratmışdır. Şəhər tikinti materiallarının bütün növlərinin istehsalı sahəsində böyük potensiala malikdir.
Lakin bu ziyan bir müddətdən sonra özünü doğruldacaqdır. 2006-cı ildə “Giltorpaq” istehsal sahəsi ildə 500-550 min ton giltorpaq istehsal edəcəkdir. Bəs indi? Təxminən iki dəfə az. Sonra, tezliklə Gəncədə elektroliz istehsalı müəssisəsinin tikintisi başlanacaq və burada yüzlərlə adam işlə təmin olunacaqdır. Sumqayıt alüminium zavodu ilə birgə ildə 220 min ton yerli alüminium istehsal ediləcəkdir. Bu Gəncənin 3000 metallurqu üçün təkcə öz peşəsinə qayıtmaq şansı deyil, daha böyük imkan deməkdir.
Bu fonda bütün sonrakı illər, o cümlədən, son beş il gəncəlilər tərəfindən quruculuq dövrü kimi qəbul edilir. 2003-cü ilin təkcə yeddi ayı ərzində Gəncədə sənaye məhsulu istehsalının həcmi ötən ilin müvafiq dövrünə nisbətən iki dəfədən də çox artmış, sənaye sektorunda orta əmək haqqı isə 20 faiz çoxalmışdır.
İqtisadi İnkişaf Nazirliyinin mütəxəssisləri tərəfindən hazırlanmış 2003-2006-cı illər üçün sosial-iqtisadi plana əsasən, Gəncənin sənaye sektorunun fəallığı bir müddətdən sonra daha da artacaqdır. İllər boyu fəaliyyətsiz qalmış Gəncə avtomobil zavodunda sentyabr-oktyabr aylarında Rusiyanın “Qazel” avtomobilləri yığılmağa başlanacaqdır.
Gəncə sakinlərinin həyat şəraitinin yaxşılaşdırılmasından danışarkən, qeyd etmək lazımdır ki, bu şəhərdə baş verən və hər bir ailəyə bilavasitə təsir göstərən heç də hər şey statistika məlumatlarına düşmür. Məsələn, şəhərin abadlaşdırılması, onun sakinlərinin elektrik enerjisi, içməli su, qazla sabit təchizatı. İlk baxışdan elə görünə bilər ki, bütün bunlar xırda məsələlərdir. Lakin insanların əhvalı, onların mənəvi ruhu məhz “bu xırda problemlərin” həllindən asılıdır. Çünki insanlar bütövlükdə ölkənin uğurlarına yerlərdə faktiki vəziyyət baxımından qiymət verirlər. Bir insan kimi onları başa düşmək olar: gəncəlilər yaxşı televizorlar, qaz plitələri almaq imkanına malik idilər, lakin heç də həmişə onlardan istifadə edə bilmirdilər.
“İZVESTİYA”NIN ARAYIŞI
2002-ci ildə Gəncənin sənaye sektoru 168 milyard manatlıq məhsul istehsal etmişdir ki, bu da 2001-ci illə müqayisədə xeyli çoxdur. Yanvar-iyul aylarının yekunlarına görə, istehsal olunan məhsulun həcmi, təxminən, 133 milyard manat təşkil etmişdir. Bu isə 2002-ci ilin müvafiq dövründəkindən iki dəfə çoxdur.
Kiçik müəssisələrin inkişafına böyük diqqət yetirilir. İş adamlarına öz bizneslərini inkişaf etdirmək üçün bank kreditlərindən güzəştli şərtlərlə istifadə şəraiti yaradılmışdır. Məhz bunun sayəsində şəkər, kolbasa məmulatları, dondurma, xama, qənnadı məmulatı, mebel istehsal edən müəssisələr işə düşmüşdür.
Köhnə müəssisələrin gücünün mənimsənilməsi, üstəgəl yeni sənaye obyektlərinin işə salınması əmək qabiliyyətli əhalinin daimi işlə təmin etmək kimi mühüm sosial məsələni həll etməyə imkan verir. Təkcə son iki ildə yüzlərlə gəncəli iqtisadiyyatın bu və ya digər sahələrində özlərinə iş yerləri tapmışdır.
Gəncədə orta ömür təxminən 70 ildir. Hər ailədə orta hesabla üç uşaq var. Körpələrini süd məhsulları, təzə meyvə-tərəvəzlə təmin etmək valideynlərin əksəriyyəti üçün çətinlik törətmir.
Yuxarıda deyilənlərin hamısı qədim şəhərə, adətən, böyük şəhərlərə xas olan dinamiklik verir. Bu, gənclərin xoşuna gəlir. Təsadüfi deyil ki, on il bundan əvvəl Gəncəni tərk etmiş gənclərin bir çoxu indi doğma şəhərə qayıdır.
GƏNC SUMQAYIT:
KEÇİD DÖVRÜNÜN PROBLEMLƏRİ
TARİX. Sumqayıt 1939-cu ildə 6 min əhalisi olan adi bir kənd idi. Şəhərin böyük tarixi 1949-cu ildə başlanmışdır. Burada respublikada kimya və metallurgiya sənayesini inkişaf etdirmək üçün baza meydançası yerləşdirmək qərara alınmışdı. Artıq 1959-cu ildə şəhərdə 50 mindən çox adam yaşayırdı. 1970-ci ildə şəhərin əhalisi 120 min nəfəri ötmüşdü. İndi Sumqayıtda 300 min nəfər yaşayır.
SƏNAYE POTENSİALI. Kimya (sintetik kauçuk zavodu, “Sumqayıtkimyasənaye” İstehsal Birliyi) və metallurgiya (boru prokat, alüminium zavodları) sənayenin mühüm sahələri kimi müəyyənləşdirilmişdir.
Sumqayıtda dəyişikliklər baş verir. Sumqayıtda yaxşılığa doğru bu dəyişikliklərdən Bakıda da xəbərdardırlar. Özü də bunu hər gün paytaxta işə və yaxud dərsə gələnlərin dilindən eşitməyiblər. Daha bir, özünəməxsus əlamət var: xlor satanlar Bakı küçələrində daha görünmürlər. Hələ bir il bundan əvvəl Azərbaycan paytaxtını onlarsız təsəvvürə belə gətirmək çətin idi. Hər səhər, istər qış olsun, istər yay, hər cür hava şəraitində evlərin pəncərələri altında qulaqbatıran “Xlor! Xl-o-o-r!” səsləri eşidilirdi.
GÜLNARƏ MƏMMƏDZADƏ
Kənardan qəribə görünən bu biznes növü ilə məhz sumqayıtlıların məşğul olduqlarını vurğulamağa ehtiyac varmı? Sintetik məhsullar istehsal edən zavod işçilərin maaşını vaxtlı-vaxtında verə bilmədiyi üçün əvəzində onlara xlor verirdi. Onlar da bu xloru Bakıda evdar qadınlara ucuz ağardıcı və dezinfeksiyaedici vasitə kimi satırdılar. Bir banka zəhərli sarımtıl maye 1 min manata - 20 sentə gedirdi. Azdır, lakin kimyəvi maddə alverçilərinə gündə 10-12 min manat (2-2,5 dollar) qazanc gətirən bu adi biznes yüzlərlə sumqayıtlı ailəyə ən çətin günlərdə özlərini dolandırmaq imkanı vermişdir.
Doğrudur, Bakıda xlor satanları heç də hamı xoş üzlə qarşılamırdı. Əvvəla, səhər tezdən onların səsinə oyananlar. İkincisi, həkimlər və ekoloqlar. Onlar həyəcan təbili vurub deyirdilər ki, “nəzarətsiz xlor satışı həm satıcılar, həm də alıcılar üçün ciddi təhlükə törədir”. Kimya müəssisələri işçilərinin əmək haqqını “natura” ilə ödəməyin dayandırılmasını tələb edən Azərbaycan Azad İstehlakçılar İttifaqı da küçədə xlor satışının qadağan edilməsi uğrunda mübarizəyə qoşulmuşdu.
Lakin problem, çox zaman olduğu kimi, sırf iqtisadi yolla həll olundu. Sumqayıtın kimya sənayesi zavodlarında başlanmış canlanma xlor biznesinə son qoydu. Digər müəssisələr də yavaş-yavaş dirçəlməyə başlayır. Təkcə şəhərin deyil, respublikanın hakimiyyət orqanları da özəl sahibkarlığı inkişaf etdirmək yolu tutmuşlar.
Vaxtilə Sumqayıt keçmiş SSRİ-nin iri sənaye şəhərlərindən biri idi və hər müəssisədə 10-12 min, hətta daha çox adam çalışırdı. Uzun çəkən durğunluq dövründən sonra bu müəssisələr yenidən sıraya qayıdır. Lakin istehsalın modernləşdirilməsi prosesində orada işləyən adamların sayı da azalır. 2002-ci ilin axırında Sumqayıt boru prokat zavodu işə düşdü və burada 1300 nəfər işlə təmin olunmuşdur. “Azərkimya” Dövlət Konserni (8 min nəfər), alüminium zavodu (1,5 min nəfər), aşqarlar zavodu (400 nəfər), yüngül, yeyinti sənaye müəssisələri də fəaliyyət göstərir. Şəhər icra hakimiyyətinin başçısı Vaqif Əliyev deyir ki, Sumqayıtın problemlərinin həllinə Prezidentdən müvafiq tapşırıqlar almış respublika qurumlarının məsul işçiləri, eləcə də özəl sektor, beynəlxalq təşkilatlar və bilavasitə şəhər sakinlərinin özləri kömək edirlər.
Sumqayıtın, əslində, sıradan çıxmış kommunikasiya sisteminin təmirinə, bütün həyat əhəmiyyətli şəhər xidmətlərinin iş rejiminin bərpasına da xeyli səy göstərilir.
Sumqayıt elə ağır böhran keçirmişdir ki, onu dərhal aradan qaldırmaq qeyri-mümkündür. Lakin sağlamlaşmanın başladığını göstərən digər əlamətlər də vardır: uzun illər boyu bərbad vəziyyətdə qalmış və indi yenidən dirçələn küçələr və həyətlər, get-gedə genişlənən tikinti işləri, yenidən sumqayıtlıların evinə qayıtmış su və işıq.
Təkcə bu ilin yaz və yayında şəhərin hakimiyyət orqanları ictimaiyyətin nəzarəti altında illərlə yığılıb qalmış problemlərlə fəal surətdə məşğul olmuşdur: çoxmərtəbəli 105 binanın və şəhərdəki 30-dan artıq məktəbin dam örtüyü bütünlüklə dəyişdirilmiş, 100 yaşayış binasında yeni liftlər qoyulmuş, bütün şəhər xəstəxanalarının dam örtüyü və istilik təchizatı sistemi təzələnmiş, 1300 metr qaz xətti və 3000 metr su kəməri yeniləşdirilmiş, bir çox küçələrə asfalt döşənmişdir.
Sumqayıtlılar köhnə ənənələri dirçəldərək, şəhərin abadlaşdırılması işlərinə fəal surətdə qoşulurlar. Məhz onların köməyi ilə şəhərdəki bağlar yeni görkəm almış, təzə park salınmış, 8 mindən artıq ağac əkilmişdir.
Nəhayət, sözün həm həqiqi, həm də məcazi mənasında, bəlkə də, ən parlaq təəssürat: gecədən xeyli keçənə qədər işığa qərq olmuş və gediş-gəliş kəsilməyən küçələr. Bu isə o deməkdir ki, yaşamaq uğrunda mübarizə aparan şəhər yenidən canlanır.
Sumqayıtın nəhəng sənaye potensialı var və bunu qismən də olsa, dirçəltmək mümkün olmuşdur. Özəl sektorla birlikdə bu, şəhər əhalisinin məşğulluğu problemini həll edir.
Doğrudur, qaçqınların problemi ağrılı problem kimi qalmaqdadır. Sumqayıtda onların sayı 70 min nəfərdən çoxdur. Ümumiyyətlə, bu gün faktiki olaraq 40-70 min nəfər sumqayıtlını işsizlər sırasına aid etmək olar. Yaxın vaxtlarda yeni istehsal sahələri açılacaqdır. Plastik borular zavodunun tikintisinin bünövrəsi qoyulmuşdur, ona təxminən 15 milyon dollar sərmayə qoyulacaqdır. Yerli sərmayədarların vəsaiti ilə kərpic, asfalt zavodları tikilir və bərpa olunur.
Sumqayıtda özəl mənzil tikintisi də nəzərəçarpacaq dərəcədə fəallaşmışdır. Xarici sərmayədarlar da bu prosesə cəlb edilirlər. Eyni zamanda, şəhər sakinlərinə kredit əsasında mənzil almaq imkanı yaratmaq nəzərdə tutulur.
“İzvestiya-Azərbaycan” səhifələrinin
materialları “İntellekt” (Azərbaycan)
araşdırmalar mərkəzinin iştirakı ilə hazırlanmışdır
“İzvestiya”
28 avqust 2003-cü il.