KEÇMİŞ MƏHBUSLARIN CƏMİYYƏTDƏN TƏCRİD OLUNMASININ QARŞISINI ALMAQ ÜÇÜN QANUN HAZIRLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, Milli Məclisin sosial siyasət, insan hüquqları, hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyalarının fevralın 14-də keçirilmiş birgə iclasında “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” qanun layihəsi müzakirə olunmuşdur.
Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli demişdir ki, sənədin hazırlanmasından məqsəd keçmiş məhbusların cəmiyyətdən təcrid olunmasının qarşısını almaq, onların tam hüquqlu vətəndaş kimi cəmiyyətdə öz yerini tutmasına, sosial adaptasiyasına kömək etməkdir.
Layihə ilə bağlı məlumat verən komissiyanın üzvü, deputat Elmira Axundova bildirmişdir ki, sənədin hazırlanmasında Ədliyyə, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi və Daxili İşlər nazirliklərinin mütəxəssisləri yaxından iştirak etmişlər. Qeyd olunmuşdur ki, yeni qanun ölkədə sosial adaptasiya mərkəzlərinin yaradılmasını, keçmiş məhbuslara tibbi, psixoloji, hüquqi, informasiya yardımının göstərilməsini nəzərdə tutur. Bu sənəd penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunmasına xidmət edəcək, həmin şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə biləcək kriminogen faktorların qarşısını almağa yardımçı olacaqdır.
İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova qeyd etmişdir ki, ali məqsədə xidmət edən bu qanun penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə inteqrasiyasını, lazımi sənədlərlə təmin edilməsinə yardım göstərilməsini, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını, təhsilinin və peşə hazırlığının təşkilini tənzimləyəcəkdir.
Müzakirələr zamanı belə bir qanunun hazırlanması Azərbaycanda cəmiyyətin demokratik inkişaf səviyyəsinin göstəricisi kimi qiymətləndirilmişdir. Qanun layihəsində qadınların və uşaqların sosial adaptasiyasına xüsusi diqqət yetirilir.
Layihədə cəza çəkməkdən azad edilmiş qadının 14 yaşadək uşağı olduqda onun yaşayış sahəsi və məşğulluqla təxirə salınmadan təmin edilməsi, azadlığa buraxılandan sonra yaşayış yeri olmayan uşaqların internat məktəblərə göndərilməsi və tam dövlət təminatına götürülməsi nəzərdə tutulur.
Sonda qanun layihəsinin Milli Məclisin müzakirəsinə təqdim olunması barədə qərar qəbul edilmişdir.