Kitabxanada Müstəqilliyin Bərpası Günü ilə əlaqədar tədbir keçirilib
Bakı, 18 oktyabr, AZƏRTAC
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, kitabxananın direktoru Aslan Cəfərov çıxışında xalqımızın istiqlal arzusunun köklərinin ötən əsrdən başlandığını, indiki müstəqil, güclü, qalib Azərbaycanın 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olduğunu söyləyib. 70 il sonra 1990-cı ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə üç rəngli bayrağımızın əvvəlcə Naxçıvan Muxtar Respublikasının bayrağı kimi, bir il sonra isə Azərbaycan Respublikasının Dövlət bayrağı kimi qəbul edildiyini bildirib. O, əldə edilmiş müstəqilliyin qorunub saxlanılması, Azərbaycanın müstəqil dövlət olaraq dünya dövlətləri arasında nüfuzunun möhkəmləndirilməsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyib. Hazırda Ümummilli Liderin siyasətinin və ideyalarının Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini bildirib. Müstəqil Azərbaycan dövlətinin 44 günlük müharibəni şanlı Qələbə ilə başa vurmasının bu uğurlu siyasətin bariz nümunəsi olduğunu qeyd edib.
Sonra kitabxananın əməkdaşları - Tamella Məmmədova, Günay Həsənova, Qənirə Əliyeva, Nərminə Xəlili, Sona Yaqubova və başqaları çıxış ediblər.
Tədbir iştirakçıları çıxışlarında müstəqilliyin ilk illərində ümummilli lider Heydər Əliyev tərəfindən imzalanan beynəlxalq sazişlərin, iqtisadiyyat, təhsil, elm və mədəniyyət sahələrində həyata keçirilən islahatların, qəbul edilən qərarların, müstəqil dövlətçiliyimizin əsasının qoyulmasında və gələcək inkişaf yolunun müəyyənləşdirilməsində mühüm əhəmiyyət kəsb etdiyini söyləyiblər.
Tədbirdə kitabxananın əməkdaşları tərəfindən Müstəqilliyin Bərpası Gününə həsr edilən videomaterial və biblioqrafik siyahı da hazırlanıb. Videomaterialda Azərbaycan dövlətçiliyinin müstəqillik tarixi, qurucuları haqqında məlumat verilib. Burada müstəqilliyin ilk illərində respublikanın ictimai-siyasi fəaliyyətini əks etdirən məlumatlar, maraqlı faktlar, sənədlər, foto və videogörüntülər öz əksini tapıb. Biblioqrafik siyahıda müstəqil Azərbaycan dövlətinin quruculuğuna həsr olunmuş onlarla kitab və 70 yaxın məqalənin (Azərbaycan, rus və ingilis dillərində) siyahısı verilib.
Sonda “18 Oktyabr Müstəqilliyin Bərpası Günü” adlı ənənəvi kitab sərgisi nümayiş olunub.