Köçəri quşlar Böyükşor gölünə qayıdırlar
Bakı, 8 dekabr, AZƏRTAC
Böyükşor gölünün “keçmiş sakinlər”i geri qayıdırlar. Hazırda gölün üzərində qu quşlarına, digər köçəri quş və vəhşi qazlara rast gəlmək olur.
AZƏRTAC-a xəbər verir ki, Azərbaycan Prezidentinin “Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən gölün bərpası, ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər görülür. Gölün təbii tarixi məcrasına qaytarılması, su səviyyəsinin tənzimlənməsi və ekosistemin bərpası istiqamətində işlər davam etdirilir.
Böyükşor gölünün kompleks bərpasının iki mərhələdə aparılması nəzərdə tutulub. Birinci mərhələ 2015-ci ilin iyun ayında keçiriləcək Avropa Oyunlarınadək görüləcək işləri əhatə edir. Bu mərhələdə Olimpiya stadionu inşa edilən ərazinin yaxınlığında, yəni gölün şərq hissəsində yerləşən 300 hektara yaxın sahənin bərpası yekunlaşdırılacaq. İkinci mərhələ isə Avropa Oyunlarından sonra başlayacaq və bütün gölü əhatə edəcək. Layihə çərçivəsində Böyükşor gölünün üzərində 6 xətli magistral yol inşa olunacaq, gölün ətrafında bulvar salınacaq, paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının istirahəti üçün hər cür şərait yaradılacaq.
Qeyd edək ki, Abşeron yarımadasının ən böyük gölü - Böyükşor tarixən, xüsusilə də Sovet dövründə neft, çirkab suları, məişət və tikinti tullantıları ilə hədsiz dərəcədə çirklənmişdi.