Köçərilərin Oyunları bu il MDB-nin əsas mədəni-idman tədbiri olacaq
Minsk, 19 fevral, AZƏRTAC
Köçərilərin Oyunları 2016-cı ildə MDB-nin əsas mədəni-idman tədbiri olacaq. Bu fikri Qırğız Respublikasının MDB-nin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi, bu ölkənin Belarusdakı səfiri Kubanıçbek Omuraliyev Belarus Teleqraf Agentliyinin (BELTA) müxbirinə müsahibəsində bildirib.
Diplomat deyib: “Sentyabr ayında İssık-Kulda Köçərilərin III Ümumdünya Oyunları keçiriləcək. Bu Oyunlar köçəri xalqların tarixini, adət-ənənələrini, məişətini və mədəniyyətini göstərmək məqsədi daşıyır. Oyunlara daxil olan yarış növləri baxımlılığına və populyarlığına görə müasir Olimpiya Oyunlarının hamı tərəfindən qəbul edilmiş idman növlərindən geri qalmır. Köçəri Oyunları özünəməxsus milli idman növlərinin bərpasına, köçəri xalqların mənəvi özünüdərkinin və tarixi yaddaşının dirçəldilməsinə güclü təkan verib.
Payızda İssık-Kulda Tələbələrin və Magistrantların Beynəlxalq Forumu da keçiriləcək. K.Omuraliyevin sözlərinə görə, ümumən 40-dan çox tədbir, o cümlədən Birliyin ali orqanlarının iclasları, ilk növbədə MDB Dövlət Başçıları Şurasının sentyabrın 16-da Bişkekdə nəzərdə tutulan yubiley iclası, Birliyin sahə orqanlarının iclasları nəzərdə tutulub. Bundan əlavə, Birliyin 25 illiyinə həsr olunmuş tədbirlər, o cümlədən “MDB həftəsi” keçiriləcək, televiziya və radio proqramları hazırlanıb yayımlanacaq, sentyabrın 1-də Vahid dərs olacaq.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk